Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının “Advokat” və “Legal Eagles” futbol komandaları “Mundiavocat 2024” turnirinə hazırlaşır

04 dekabr 2024    345 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) həm kişi, həm də qadın vəkillərdən ibarət futbol komandaları (müvafiq olaraq “Advokat” və “Legal Eagles”) Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində təşkil ediləcək “Mundiavocat 2024” turnirinə hazırlıqlarını davam etdirir.

Baş məşqçi Fuad Rzayevin rəhbərliyi ilə intensiv keçirilən məşqlər dekabrın 6-da yekunlaşacaq və bir gün sonra səhər saatlarında komanda üzvləri Dubay şəhərinə yola düşəcəklər. 

Bildirmək istərdik ki, vəkillər arasında faktiki olaraq dünya çempionatı sayılan “Mundiavocat 2024” turniri dekabrın 7-də Dubay şəhərində start götürəcəkdir. Dekabrın 15-dək davam edəcək yarışa Azərbaycanın vəkillərindən ibarət komandaları ilə yanaşı Qazaxıstan, Özbəkistan, İtaliya, Ruminıya, Slovakiya, İndoneziya, Polşa, Fransa, Meksika, Kolumbiya, Portuqaliya, Braziliya, Konqo və İran komandaları, habelə bir neçə ölkənin (Cənubi Koreya, Polşa, Azərbaycan, Litva) vəkillərindən təşkil edilmiş “Eurasia United” komandaları mübarizə aparacaq.

Qadın futbol komandamızın belə mötəbər beynəlxalq yarışda iştirakı ARVK üçün xüsusi önəm daşıyır. Bir ilə yaxındır ki, yaranan komanda artıq həm daxili, həm də xarici futbol turnirlərində çıxış edərək təcrübə qazanıblar.

Qeyd etmək istərdik ki, “Mundiavocat 2024” turnirində komandalarımıza ARVK ilə yanaşı “RDC” MMC, “PAŞA Sığorta” ASC, "Araz Supermarket" MMC, “Peşəkar Futbol Liqası" İctimai Birliyi, habelə KERMUR ixtisaslaşdırılmış Vəkil Bürosunun üzvü Avraam Berman, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiri Fazil Nəhmətov, Kollegiyanın Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva və Bakı 9 saylı Mediasiya Təşkilatının direktoru Leyla Nəsibova maddi dəstək göstəriblər.

Məlumat üçün bildirək ki, Azərbaycanda vəkillərin futbol komandalarının yaradılması prosesi 2017-ci ilin avqust ayında Azərbaycan vəkillərindən ibarət komandanın Ukraynada vəkillər arasında keçirilən beynəlxalq turnirdə iştirakı ilə başlayıb. O vaxt ARVK Rəyasət Heyətinin üzvü, indi isə sədri olan Anar Bağırovun təşəbbüsü və dəstəyi, vəkil Muxtar Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti və komanda həmin turnirdə vəkil futbolunu təmsil edib. Komanda turnirdə yer tutmasa da, fərdi mükafat alınıb. Bundan sonra ölkə daxilində vəkil futbolu geniş vüsət almağa başlayıb. 2017-ci ilin sentyabr ayında “Advokat” adlı komanda təsis edilərək, futzal üzrə Azərbaycan çempionatının həvəskarlar üçün nəzərdə tutulan 2-ci liqasında çıxış etməyə başlayıb. Komanda ilk dəfə yarışlara qatıldığı 2017/18 mövsümündə 16 iştirakçı arasında 14-cü yeri, daha sonra - 2018/19 mövsümündə isə 20 komanda arasında 9-cu yeri tutub. 2019-cu ilin may ayında ən böyük uğuruna imza atan “Advokat” peşəkar futzalçılardan ibarət yüksək liqa komandalarının da qatıldığı Azərbaycan kubokunun finalına yüksələ bilib. Həlledici oyunda vəkillər 2018/19 mövsümündə ölkə çempionatının üçüncü mükafatçısı olub. Heyətində Azərbaycan millisinin bir neçə futzalçısının da yer aldığı “Ekol” komandasına uduzub. Komanda növbəti 2019/20 mövsümünü liqada 2-ci pillədə başa vurub. “Advokat”  komandasının futzal üzrə ən böyük uğuru isə 2022-ci ildə II liqanın çempionu olmasıdır.

Vəkillər arasında futbolun kütləviliyinin artması ilə Kollegiyanın Vəkil Futbol Liqası (VFL) adı altında daxili çempionatı da dövri olaraq keçirilir. Bu vaxtadək təşkil edilən 4 VFL-də vəkillərdən ibarət 10 komanda olmaqla, yüzlərlə vəkil bu prosesin iştirakçısı olub.

ARVK-nın komandasının vəkil və hüquqşünas futbolçulardan təşkil edilmiş heyəti Kollegiyanın yığması kimi vaxtaşırı olaraq, müxtəlif xarici ölkələrdə vəkillər üçün keçirilən turnirlərdə Azərbaycanı layiqincə təmsil edir. Belə ki, komandamız beynəlxalq arenada 2018-ci ilin sentyabr ayında Litvanın paytaxtı Vilnüs şəhərində 10 Avropa ölkəsinin yer aldığı “Eurolawуеrs” turnirində 3-cü yerin, həmin ilin oktyabr ayında Ukraynanın Kiyev şəhərində futzal üzrə beynəlxalq turnirin qalibi olub. 2019-cu ilin iyun ayında isə beynəlxalq səviyyədə vəkil futbolunun təşviqi ilə məşğul olan ən nüfuzlu “Mundiavocat” təşkilatının İrlandiyanın Limerik şəhərində təşkil etdiyi “Eurolawуеrs” turnirində 12 ölkə arasında 6 yerdə qərarlaşıb. Eyni zamanda komandamız 2019-cu ilin oktyabr ayında Azərbaycan Vəkilliyinin 100 illiyinə həsr edilən I Qafqaz turnirinin qalibi adını qazanıb. Həmçinin 2022-ci iliyin may ayında Mərakeşdə vəkillər arasında keçirilən qeyri-rəsmi dünya çempionatı sayılan “Mundiavocat 2022” turnirinin üçüncüsü olub.

Vəkil futboluna ARVK Rəyasət Heyətinin üzvü, futbol idarəçiliyi sahəsində təcrübəli Elçin Usub ictimai əsaslarla rəhbərlik edir. Komandanın həm ölkədaxili, həm beynəlxalq yarışlarda uğurları, həm də komandanın məşqçisi olan tanınmış futzal mütəxəssisi Fuad Rzayevin adı ilə bağlıdır. Qısa zaman ərzində beynəlxalq turnirlərdəki uğurlu çıxışlarından sonra vəkillərin futbol komandası həm Avropada, həm də dünyada vəkil futbol ictimaiyyəti arasında hörmət və nüfuz qazanıb. Bunun məntiqi nəticəsi kimi, ARVK dünyada vəkil futbolunu bir araya gətirən “Mundiavocat” (“International Lawyers Football Federation”) təşkilatına üzv seçilib. Azərbaycan Avropadan bu təşkilata üzv olan 6-cı ölkədir. Eyni zamanda Azərbaycanı həmin təşkilatda ARVK-nın üzvü, vəkil Feyzulla Mehdiyev təmsil edir.

Bundan başqa, “Advokat” komandası 2023-cü ildə şəhid jurnalistlərin xatirəsinə həsr edilən futbol turnirinin finalçısı olub. Komanda hazırda həm də işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək olaraq “Qarabağ Dirçəliş Fondu”nun təşkil etdiyi “Dirçəliş” kubokunda iştirak edir və D qrupunun lideridir.