Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

FƏRDİ QAYDADA FƏALİYYƏT GÖSTƏRƏN VƏKİLLƏR NÖVBƏTÇİLİYƏ CƏLB OLUNACAQLAR

28 sentyabr 2018    5501 share share

Sentyabrın 27-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilmişdir.

Həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbi nəzərə alınmaqla, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən ilk dəfə olaraq, regionlarda və Bakıda fərdi qaydada fəaliyyət göstərən vəkillərin dövlət hesabına hüquqi yardımla bağlı növbətçiliyə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Bununla bağlı, növbəti ay üçün fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik cədvəli Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsinin “Elanlar” bölməsində dərc olunacaqdır. Qeyd olunmalıdır ki, vəkil qurumu olmayan və fərdi vəkil sayı az olan regionlarda növbətçilik cədvəli üzrə növbədə olan vəkil üzrlü səbəbdən növbətçilik vəzifələrini yerinə yetirə bilmədikdə onun yerinə digər vəkilin növbətçilik qaydasında məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarına getməsinin zəruriliyi bildirilmişdir.

İclasda həmçinin “Vəkil orderi və order markası haqqında” Əsasnamənin layihəsi müzakirəyə təqdim olunmuş və müvafiq əlavə və dəyişikliklər edilməklə adı çəkilən sənədin 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minməsi barədə qərar qəbul olunmuşdur.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Tovuz rayonunda yeni vəkil bürosu, o cümlədən Bakı şəhərində “İsmayılbəyli və partnyorları”, “Femida”, 21 və 22 saylı vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılmış və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul edilmişdir.

Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunmuşdur.

İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılması və onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması barədə məhkəməyə müraciət edilməsi ilə bağlı qərər qəbul olunmuşdur. 11 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilmiş və 1 intizam işi üzrə icraat eyni məzmunlu şikayət ilə bağlı hüquq-mühafizə orqanında araşdırma aparılması əsası ilə dayandırılmışdır. 2 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınmışdır.

Sonda Kollegiyanın fəaliyyətinə dair sair məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunmuşdur.