Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) həm kişi, həm də qadın vəkillərdən ibarət futbol komandaları (müvafiq olaraq “Advokat” və “Legal Eagles”) Dubayda təşkil edilən və vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab edilən “Mundiavocat 2024” turnirinə qələbə ilə başlayıb.
Dekabrın 8-də ilk oyunlarını keçirilən
komandalarımız rəqiblərinə böyük hesabla qalib gəliblər.
Belə ki, kişi vəkil və hüquqşünaslardan
ibarət “Advokat” komandası Özbəkistanla qarşılaşıb. Görüş komandamızın 8:0
hesablı qələbəsi ilə başa çatıb. Qadın vəkil və hüquqşünaslardan ibarət “Legal
Eagles” komandası isə Meksikanın “Tijuana” komandası ilə üz-üzə gəlib.
Qarşılaşmada qadın komandamız rəqiblərini 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycanın ilk və yeganə
həvəskar qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” komandası
qatıldığı beynəlxalq turnirlərdə ilk qələbəsini qazanıb.
Onu da bildirək ki, “Advokat” növbəti
görüşdə Mərakeşin “Casablanca”, “Legal Eagles” isə Qazaxıstanın “Bereke”
komandaları ilə qarşılaşacaq. Görüşlər dekabrın 9-da müvafiq olaraq 17:00 və
18:00-da başlayacaq.
Xatırladaq ki, turnirdə Cənubi Koreya,
Polşa, Azərbaycan və Litva vəkillərindən təşkil edilmiş “Eurasia United”
komandası da mübarizə aparır.
“Mundiavocat 2024” turnirində komandalarımıza dəstəyə görə “RDC” MMC, “PAŞA Sığorta” ASC, "Araz Supermarket" MMC və “Peşəkar Futbol Liqası" İctimai Birliyinə təşəkkür edirik!