Dekabr ayının 9-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə Məhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə onlayn görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollegiyanın
sədri Anar Bağırov iştirakçıları salamlayıb, məhkəmə ekspertizası sahəsində
fəaliyyətin təkmilləşdirilməsi və mövcud problemlərin həlli məqsədilə
yaradılmış Şurasının İşçi qruplarında təmsil olunan ARVK üzləri ilə bu
istiqamətdə müzakirələrin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sədr diqqətə çatdırıb ki, ölkə başçısının
07 avqust 2024-cü il tarixli Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası
Şurasına Kollegiya da üzv seçilib. Bu Şurada qeyri-dövlət, müstəqil təsisat
olan ARVK-nın təmsil olunması Kollegiyaya və vəkilliyə göstərilən çox yüksək
etimaddır. Ekspertiza sahəsində vəkillərin təcrübədə rastlaşdığı problemlər, o
cümlədən bu institutun inkişafı, təkmilləşdirilməsi ilə bağlı gələcəkdə
aparılacaq islahatlar üzrə təkliflərin mütləq qaydada Şuranın müzakirəsinə
təqdim olunması çox zəruridir. Çünki vəkillər həm mülki, həm də cinayət prosessual
sahəsində ədalət mühakimə icraatında fəal iştirak edən çox önəmli peşə
sahibləridir. Birinci növbədə məhkəmə ekspertizasının müstəqilliyi,
qərərsizliyi və obyektivliyi tam təmin edilmədir. Eyni zamanda bu istiqamətdə
beynəlxalq təcrübə və yerli problemlər öyrənilməlidir.
Həmçinin Anar Bağırov ARVK-nın məhkəmə
ekspertizası sahəsindəki problemlərin həllinə, o cümlədən hüquq sisteminin
müasir tələblərə uyğunlaşdırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Sonra ARVK-nın sədr müavini Şahmar Məmmədov
çıxış edərək Məhkəmə Ekspertizası Şurasında yaradılmış İşçi qruplarında təmsil olunan
vəkillərin fəaliyyət istiqamətindən danışıb, Kollegiya üzvləri ilə bir sıra
müzakirələr aparıldığını, təkliflər hazırlanaraq Şuraya təqdim edildiyini
söyləyib. Eyni zamanda sədr müavini vurğulayıb ki, bu sahədə işlər davam
etdirilir və digər təkliflər də hazırlanaraq Şuraya göndəriləcək.
Görüşdə vəkillərin qarşılaşdığı
çətinliklər, təcrübədə rastlaşılan bir çox problemlər və inkişaf perspektivləri
ətrafında müzakirələr aparılıb, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin
tətbiqi imkanları nəzərdən keçirilib, habelə normativ-hüquqi bazanın
təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.