10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü
münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən
pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil
qurumlarında “Açıq qapı" günü keçirilib.
Belə ki, dekabrın 10-da Bakı şəhərində “Pro
Bono”, 7 saylı, 11 saylı Vəkil büroları (VB), Naxçıvan Respublikasının Vəkillər
Kollegiyası, Gəncə şəhər 1 saylı, Şəki Regional, Şirvan Regional, Cəlilabad
rayon, Astara rayon VB-nin vəkilləri, o cümlədən Daşkəsən rayon Heydər Əliyev
Mərkəzində həmin rayonda fəaliyyət göstərən fərdi vəkil və Gəncə şəhər 1 saylı
VB-nin vəkilləri tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım
aksiyaları təşkil edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin
əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən
olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial
məsələlərlə bağlı olub. Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub
və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar
atılıb.
Aksiyada vəkillər tərəfindən ümumilikdə 150-yə
yaxın vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr
tərtib edilib.
Eyni zamanda ARVK ilə Ədliyyə Nazirliyinin
Penitensiar və Probasiya xidmətləri arasında imzalanmış birgə
Tədbirlər Planına uyğun olaraq məhkumlara pulsuz hüquqi yardım göstərilib.
Plana əsasən, Penitensiar Xidmətin 8, 12 və
13 və saylı cəzaçəkmə müəssisələrində müvafiq olaraq Sumqayıt şəhər 1 saylı, “Presedent”,
10 saylı və “De Fendo” VB-lərin vəkilləri tərəfindən ümumilikdə 100-ə yaxın
məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin
edilməsi istiqamətində sualları cavablandırılıb.
Bakı şəhəri 14 saylı VB-nin vəkilləri
tərəfindən isə probasiya qeydiyyatında olan 10-a yaxın şəxs qəbul edilib,
onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər
görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı
məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.