Cari il dekabr ayının 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının növbəti - II mərhələsi keçirilib.
Yarışdan öncə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor
Əmir Əliyev və "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri
İsmayıl Kəngərli iştirakçılara uğurlar arzulayıb, müsabiqənin reqlamenti və
qaydalarını izah ediblər.
Daha sonra Olimpiadaya start verilib və hər
bir komandaya 120 dəqiqə ərzində cavablandırılması üçün konkret mövzular üzrə 5
sual təqdim edilib.
Təqdim edilmiş suallar münsiflər tərəfindən
qiymətləndirilərkən sualların milli qanunvericilik əsasları, dolğun hüquqi
şərhi, beynəlxalq hüquq normalarına, o cümlədən mövcud məhkəmə praktikasına
istinadı kimi meyarlar əsas götürülüb.
Olimpiadada qiymətləndirmə üzrə münsiflər heyəti qismində hüquqşünas alimlər - hüquq elmləri doktoru Nazim Əliyev, hüquq elmləri doktoru Asif Qədirov, hüquq üzrə fəlsəfə doktoru Tuqay Əliyev, Münsiflər Komissiyasının sədri, Ali Məhkəmənin hakimi, Hakimlərin seçki komissiyasının sədri Vidadi Cəfərov, Ali Məhkəmənin hakimi Raqib Qurbanov, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Cəmilə Musayeva və Tural Qocayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Leyla Əsgərova-Məmmədova və Kamran Muxtarov, o cümlədən ARVK-nın üzvləri - Xavər İsmayılova, Gülnar Qurbanova və Anar Məmişov iştirak ediblər.
Məlumat üçün bildirək ki, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin komandalarının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.
Qeyd edək ki, üç mərhələdən ibarət
Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət
İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət
Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük
Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti,
Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq
ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışır.
Hüquq Olimpiadasının məqsədi konstitusiya
hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və
bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.
Olimpiadaya təşkilati dəstək Vəkillər
Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o
cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) və Femida
könüllüləri tərəfindən göstərilir.
Xatırladaq ki, Olimpiadanın final mərhələsi
dekabrın 21-də Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında
keçiriləcəkdir.
Sonda qaliblər və iştirakçılar mükafatlandırılacaqlar.