Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yeni bina ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə
açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov
deyib.
“Bu binada öz hesabımıza təmir-tikinti işləri
aparacağıq. Artıq layihə-smeta sənədləri dövlət qurumlarında razılaşdırılıb.
Tender elan olunub, yaxın günlərdə işə başlamaq niyyətindəyik. Ümid edirəm ki,
gələn il Vəkillər Kollegiyasının Bakı şəhərində çox müasir bir ofisi istifadəyə
veriləcək".
A.Bağırov, həmçinin qeyd edib ki,
vəkilliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə son illərdə
regional məhkəmələrinin fəaliyyət göstərdiyi iri şəhərlərdə - Sumqayıtda,
Şəkidə, Şirvanda regional komplekslər istifadəyə verilib: “Həmçinin keçmiş Gəncə
Şəhər Prokurorluğunun binası Vəkillər Kollegiyasının balansına verilib. Hazırda
bu binada əsaslı təmir işləri aparılır. Bu yaxınlarda həmin bina istifadəyə
veriləcək və Qərb bölgəsində Vəkillər Kollegiyasının çox müasir və bütün
tələblərə cavab verən regional mərkəzi olaraq fəaliyyət göstərəcək”, - deyə o
qeyd edib.