Cari il dekabr ayının 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra iclasda ARVK tərəfindən Bakı şəhəri,
Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən
qurulması nəzərdə tutulan inzibati binanın tikinti və təmiri işlərinin satınalınması
üzrə elan olunmuş açıq tenderin nəticəsi elan edilib. Belə ki, tenderdə iştirak
edən iddiaçı “Bakı Abadlıq Xidməti” MMC-nin təklifləri qiymətləndirilib və tender
komissiyasının qərarına əsasən sözügedən şirkət qalib elan edilib. Rəyasət
Heyəti tərəfindən qalib şirkətlə müvafiq satınalma müqaviləsinin imzalanması,
habelə inzibati binanın tikinti və təmiri işlərinə yaxın günlərdə başlanılması
qərara alınıb.
İclas gündəliyinə uyğun olaraq vəkilliyə
qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir
vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilərək
gələcək fəaliyyətində uğurlar arzulanıb.
Həmçinin ARVK ilə Hüquq və İnsan Haqları
İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan”
adlı II Hüquq Olimpiadası iştirakçılarına mükafat verilməsi, Vəkillər
Kollegiyası Akademiyası tərəfindən təşkil olunan vəkillərin peşə hazırlığının
artırılması məqsədilə aktual hesab edilən tədris istiqamətlərinin təsdiqi məsələlərinə
baxılıb və müsbət qərarlar qəbul edilib.
Eyni zamanda iclasda bəzi vəkillərin digər
vəkil qurumlarına keçməsi və iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad
olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar
çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri
intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK
üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar
qəbul edilib, 1 vəkilə irad və 1 vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.