Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının dəstəyi ilə Konstitusiya Məhkəməsində keçirilən ELSA məhkəmə müsabiqəsinin qalibi məlum olub

21 dekabr 2024    194 share share

Cari il dekabrın 20-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının X buraxılışının final mərhələsi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev iştirakçıları salamlayaraq final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara uğurlar arzulayıb. Nəzərə çatdırılıb ki, ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası tələbələrin inkişafında müstəsna əhəmiyyətə malikdir. Bu tip yarışlarla tələbələr nəzəriyyədə əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etməyi öyrənirlər. Ümid edirəm ki, bu qəbildən olan layihələr davamlı olacaq. 

Sonra ELSA Azərbaycanın prezidenti Nazim Çələbiyev, həmin təşkilatın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezidenti Ənvər Hüseynov çıxış edərək iştirakçılara tədbirin əhəmiyyətindən danışaraq onlara uğurlar diləyib.

Daha sonra isə səhnələşdirilmiş məhkəmə prosesinə keçid edilib.

Finalda hakim qismində 9 nəfərlik tərkibdə Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov, Kollegiyanın üzüvləri - Günel Əhmədli, Sevinc Əliyeva, Şəfa Camalzadə, Nihal Xəlilova, Sadiq Bağırov, Babək Həmidov, Qəndab Fərəcova və hüquqşünas Azad Əhmədbəyli iştirak ediblər.

Həlledici mərhələdə “Liberta” və “GoodFellaws” komandaları qarşılaşıb. Müsabiqədə “GoodFellaws” komandasını təmsil edən Bakı Dövlət Universitetinin 3-cü kurs tələbələri Tural Dəmirov və Murad Əsgərov I yer və “Ən yaxşı memorial (cavabdeh kimi)” yazan komanda elan olunublar. “Liberta” komandasının üzvləri Bakı Dövlət Universitetinin 2-ci və 3-cü kurs tələbələri Səmayə Abbasquliyeva və Pərvin Yusifli II yer tutub və “Ən yaxşı memorial (ərizəçi kimi)” yazan komanda adını qazanıb. Eyni zamanda Tural Dəmirov Müsabiqənin “Ən yaxşı natiq”i seçilib.

Sonda Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev mükafatların təqdim edilməsi mərasimində iştirak edib, bağlanış nitqi ilə hər iki komandanı təbrik edib.

Müsabiqədə iştirak edən hər iki komandaya pul mükafatı (I yer - 600 AZN, II yer - 350 AZN) və sertifikatlar, qalib komandanın üzvlərinə isə kubok təqdim olunub.