Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK), Sumqayıt Regional Vəkil Bürosu, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun birgə təşkilatçılığı ilə 28 dekabr – Vəkil Günü peşə bayramı münasibətilə və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər
təşkilatının inzibati binasında təşkil olunan sərgidə ARVK-nın üzvü, “Kamandar
Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi
kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox
vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin
şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar,
ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunur.
Dekabrın 24-də sərginin açılış mərasimi
keçirilib.
Əvvəlcə “Kamandar Nəsibov və partnyorları” Vəkil
Bürosunun müdiri Kamandar Nəsibov iştirakçılara xarici ölkələrdən gətirilmiş
hakim və vəkil cübbələri barədə məlumat verib, kolleksiya-muzeyin yaradılmasının
tarixindən danışıb.
Sonra açılış nitqi ilə çıxış edən ARVK-nın
sədri Anar Bağırov iştirakçıları salamlayıb, sərginin təşkil edilməsinin məqsəd
və mahiyyətindən söz açıb, bunun məhkəmə və hüquq-mühafizə orqanlarının
əməkdaşları, gənc hüquqşünaslar üçün böyük maraq doğuracağını deyib. Artıq ölkədə
ikinci dəfədir belə bir sərginin təşkil edildiyini söyləyən sədr son illər
Sumqayıtda vəkillik sahəsində görülən işlərə toxunub, vəkillərin sayının
artığını bildirib.
Anar Bağırov nəzərə çatdırıb ki, “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident
cənab İlham Əliyevin 22.02.2018-ci il tarixli Sərəncamı vəkilliyin tarixində
dönüş yaratdı. Sərəncamda qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli
hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və
nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Bu, bizim üçün bir çağırış
oldu. Biz də öz fəaliyyətimizi o çağırışa uyğun qurmağa çalışırıq.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
Zakir Fərəcov çıxışında qonaqları salamlayaraq Sumqayıt şəhərinin tarixindən,
son dövrlər görülən işlərdən, vəkillərin, habelə məhkəmə və hüquq-mühafizə
orqanları əməkdaşlarının peşəkarlığından danışıb, o cümlədən belə bir möhtəşəm
sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mərasimdə Milli Məclisin deputatı Tahir
Mirkişili, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, ARVK-nın
üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram
Kərimov və Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan
Azadəliyev çıxış edərək vəkilləri peşə bayramı münasibətilə təbrik edib, onlara
gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışçılar hüquqşünasların
fəaliyyətinin təbliğində mühüm rola malik olan sərginin yüksək səviyyədə təşkil
olunduğunu vurğulayıblar.
Sonda Kollegiyanın üzvü, Sumqayıt Regional Vəkil Bürosunu müdiri Anar Qasımlı iştirakçıların hər birinə təşəkkürünü bildirib və sərginin dekabrın 28-dək davam edəcəyini söyləyib.