Cari il dekabrın 24-də Maliyyə Monitorinqi Xidməti (MMX) tərəfindən hüquq mühafizə və nəzarət orqanları üçün onlayn təlim təşkil olunub.
Təlimdə Beynəlxalq əməkdaşlıq şöbəsinin
rəisi Arzu Xəlilova öz təqdimatı zamanı beynəlxalq əməkdaşlıq sahəsində müasir
yanaşmalar, məlumat mübadiləsi üsulları və sərhədlərarası əməkdaşlıq
mexanizmləri haqqında geniş məlumat verib.
Təlimin beynəlxalq əməkdaşlıq, məlumat və
sənədlərin mübadiləsi adlı birinci sessiyasında sərhədlərarası əməkdaşlıq
imkanları və effektiv mübadilə üsulları barədə məlumatlar auditoriyanın
diqqətinə çatdırılıb.
Təlimçi MMX-nin qeyri-formal əməkdaşlıq
kanalları və əmlakın son təyinat nöqtəsi barədə məlumat mübadiləsi adlı ikinci
hissədə qeyri-formal əməkdaşlıq vasitələrinin effektivliyi və əmlakın
izlənilməsi üzrə öz praktik təcrübələrini iştirakçılarla bölüşüb.
Eyni zamanda təlimdə müxtəlif adlardan
istifadə edilərək benefisiar mülkiyyətçinin gizlədilməsi mexanizmləri və bu cür
halların qarşısını almaq üçün tətbiq olunan innovativ yanaşmalar müzakirə
olunub.
Hüquq mühafizə və nəzarət orqanlarından, Vəkillər Kollegiyasının üzvlərindən, eləcə də öhdəlik daşıyan şəxslərdən 80 nümayəndənin iştirak etdiyi təlim aktiv sual-cavab sessiyası ilə yekunlaşıb.