Dekabrın 28-də “Badamdar” mehmanxanasında
28 dekabr Vəkil Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının (ARVK) təntənəli tədbiri keçirilib.
Mərasimdə Hüquq və İnsan Haqları
İnstitutunun (HİHİ) İdarə Heyəti sədrinin müavini, vəkil Natəvan Rüstəmova,
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi polis general-mayoru
Canpolad Daanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına
Akademiyasının rəisi polkovnik Elşad Nəsirov, Rəyasət Heyətinin üzvləri,
ARVK-nın üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Respublikanın əməkdar
hüquqşünası İkram Kərimov, vəkil qurumlarının rəhbərləri, vətəndaş cəmiyyəti
institutunun nümayəndələri: - Konstitusiya Araşdırmaları Fondunun prezidenti
Əliməmməd Nuriyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan
üzrə nümayəndəsi Şakir Səfərbəyov, Vətəndaşların Əmək Hüququnun Müdafiə
Liqasının sədri Sahib Məmmədov, Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf
Zeyni, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə və
Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu,
vəkillər, habelə KİV nümayəndələri iştirak edib.
Tədbirdən əvvəl ARVK rəhbərliyi, onun
orqanları, qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər
Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin
ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər
düzülüb.
Sonra tədbir dövlət himni və vəkil marşının
səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri
yaxınlığında faciəyə uğraması nəticəsində həlak olan şəxslərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Kollegiyanın
sədri Anar Bağırov qonaqları salamlayaraq bildirib ki, bu il Azərbaycan
vəkilliyinin 105 illiyi, Kollegiyaya tam müstəqillik verən “Vəkillər və
vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulunun 25 illiyi və yeni Vəkillər
Kollegiyasının təsis edilməsinin 20 illiyi qeyd olunur.
Ölkəmizdə vəkilliyin tarixindən,
inkişafından, getdikcə daha da yüksələn nüfuzundan, son 7 il ərzindəki
fəaliyyətindən və görülən işlərdən danışan sədr əsası Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da
böyüdüyünü, gücləndiyini, o cümlədən vətəndaşların hüquqi yardıma
çatımlılığının tam təmin edildiyini söyləyib.
Anar Bağırov Heydər Əliyev tərəfindən
1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun
imzalandığını xatırladaraq Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam
müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi
formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən,
vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə
çevrildiyini deyib.
Sədr diqqətə çatdırıb ki, cənab Prezident
İlham Əliyevin 2018-ci ilin fevralın 22-də imzaladığı “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”
Sərəncamı ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verib. Ölkə
başçısının 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin
Azərbaycanda Vəkil Günü peşə bayramı kimi qeyd edilməsi qərara alınıb.
Prezidentin müvafiq Fərman və Sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan
islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub.
Bu il Ədliyyə Nazirliyinin Penitensiar
və Probasiya xidmətləri ilə birgə əməkdaşlıq çərçivəsində məhkumlara, yerli
icra hakimiyyətləri ilə birgə əməkdaşlıq çərçivəsində ucqar rayonlarda
yaşayan, habelə dövlət orqanları və təşkilatlarından daxil olmuş və
birbaşa edilmiş müraciətlər əsasında minlərlə aztəminatlı şəxslərə pulsuz
hüquqi yardım göstərilib. Eyni zamanda il ərzində mütamadai olaraq bayram
günlərində və digər əhəmiyyətli günlərdə vəkil qurumları tərəfindən pulsuz
hüquqi yardımla əlaqədar açıq qapı günləri keçirilib.
Son dövrlər vəkillikdə informasiya və
kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini
vurğulayan Anar Bağırov bu sahədə müəyyən layihələrə imza atıldığını, habelə
Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən bir çox
vəkillərin istifadə edərək 14 minə yaxın elektron müqavilə bağlanıldığını
deyib.
Kollegiyanın gənclərə daim dəstək
göstərdiyini bildirən sədr Hüquq fakültələri olan bütün universitetlər arasında
memorandumların imzalandığını, hüquqşünas tələbələrin Rəyasət Heyətinin dəstəyi
ilə keçirilən daxili və xarici yarışlara qatıldıqlarını, bu istiqamətdə xeyli
faydalı əməkdaşlıqların əldə olunduğu vurğulayıb.
Sonra ARVK-nın 2024-cü il üzrə hesabat
videosu, Kollegiya ilə HİHİ-nın birgə təşkilatçılığı ilə Prezident
İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan”
adlı II Hüquq Olimpiadasının videoçarxı nümayiş etdirilib.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə
Heyəti sədrinin müavini, vəkil Natəvan Rüstəmova isə çıxışında son illər HİHİ
ilə Kollegiya arasında uğurlu əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdən
danışıb. O, yüksək bilik və bacarıqlara malik olan gənclərin yetişdirilməsində
bu cür yarışların rolunun əhəmiyyətini qeyd edib, son dövrlər ölkəmizdə
vəkillik peşəsinə marağın artdığını bildirib.
Mərasimdə II Hüquq Olimpiadasının qalibi
olmuş Daxili İşlər Nazirliyinin Polis Akademiyası, II yerin sahibi Dövlət
Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası və III yerə çıxan
Dövlət İdarəçilik Akademiyasının komandaları təltif ediliblər.
Daxili İşlər Nazirliyinin Polis
Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov çıxış edərək
vəkilliyin inkişaf tarixindən söz açıb, Kollegiyada bir çox mühüm işlərin
görüldüyünü söyləyib.
O, akademiyada hüquqşünas ixtisası üzrə
təhsil alan kursantlar arasında vəkil peşəsinə böyük maraq göstərənlərə rast
gəlindiyini söyləyib. Vəkillər Kollegiyası ilə polis orqanları arasında
səmərəli münasibətlərin mövcudluğundan danışan Canpolad Daanov Polis
Akademiyasında ARVK üzvləri tərəfindən də müxtəlif fənlərin tədris edildiyini
xatırladıb. Rəis vəkillərin gələcək fəaliyyətində uğurlar arzulayıb və
əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər
Əliyev adına Akademiyasının rəisi polkovnik Elşad Nəsirov çıxışında tədbirin
əhəmiyyətini vurğulayıb, vəkilləri peşə bayramları münasibətilə təbrik edib,
son iki ildə Kollegiya tərəfindən tələbələr arasında keçirilən hüquq
yarışmasının vacibliyini dilə gətirib. Bildirib ki, vəkillərin peşəkarlıq
səviyyəsinin yüksəlməsi, eyni zamanda məhkəmə hakimiyyəti orqanlarının,
hüquq-mühafizə və prokurorluq orqanlarının da peşəkarlıq səviyyəsinin
yüksəlməsinə gətirib çıxarır. Hazırda vəkillik institutu öz inkişaf dövrünü
yaşayır.
ARVK-nın üzvü, Kollegiyanın Ağsaqqallar
Şurasının sədri, Respublikanın əməkdar hüquqşünası İkram Kərimov, Konstitusiya
Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev
çıxışında vəkilləri Vəkil Günü münasibətilə təbrik edərək onlara gələcək
fəaliyyətlərində uğurlar diləyiblər.
Həmçinin tədbirdə III “Yüksəliş”
müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim
Məmmədzadəyə "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov
ilə təcrübə proqramını müvəffəqiyyətlə başa vurduğuna görə diplom, xasiyyətnamə
və ARVK-nın Rəyasət Heyətinin qərarına əsasən, qiymətli hədiyyə təqdim edilib.
Eyni zamanda 2024-cü il ərzində pulsuz
hüquqi yardım aksiyalarında fəal iştirakına görə Şəki Regional Vəkil Bürosu, il
ərzində müqavilələrin elektron bağlanılmasında fəallığına görə birinci yerlə
layiq görülmüş Bakı şəhər 20 saylı Vəkil Bürosu, ikinci yerə layiq görülmüş
Bakı şəhər 11 saylı Vəkil Bürosu və üçüncü yerə layiq görülmüş Gəncə şəhər 1
saylı Vəkil Bürosu “İlin vəkil qurumu” mükafatı ilə təltif edilib. İl ərzində
cinayət işləri üzrə ən çox bəraət əldə edən Lənkəran rayon Vəkil Bürosunun
vəkili İbarət Həsənov “İlin vəkili”, il ərzində Kollegiyanın ictimai
fəaliyyətinə verdiyi töhfəyə görə Elektron vəkil komitəsi "İlin vəkil komitəsi",
il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “HGNS” Vəkil Bürosunun
müdiri, Elektron vəkil komitəsinin sədri Nihad Əliyev “İlin təlimçi vəkili”
elan olunub.
Bundan başqa, fəaliyyətləri dövrlərində
fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri
təltif edilib.
Tədbirdə ARVK-nın elektron xidmətlərinin
tərkib hissələrindən biri olan “E-vekil” mobil tətbiqinin izahlı təqdimatı
olub, onun əhəmiyyəti, istifadə qaydaları barədə məlumat verilib.
Yekunda qonaqların sualları
cavablandırılıb, mobil tətbiqin istifadə vasitələri ilə bağlı müzakirələr
aparılıb, bir sıra təkliflər irəli sürülüb.