Cari il yanvarın 11-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Əsassız varlanma: mahiyyəti və hüquqi problemlər” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları
Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun aktuallığı ilə
bağlı xüsusi məqamlara toxunub. Sonra qeyd olunub ki, təlimçi, Ali Məhkəmənin
Mülki və Kommersiya işləri üzrə məhkəmə təcrübəsi sektorunun müdiri, hüquq üzrə
fəlsəfə doktoru, dosent Nazənin Hüseynovanın 2024-cü ildə nəşr edilən “Mülki
hüquqdan kazuslar” adlı yeni kitabında əks olunan məsələlər vəkillər üçün də əhəmiyyətlidir.
Həmçinin Baş redaktoru Vəkillər
Kollegiyasının sədri Anar Bağırov olan “Azərbaycan vəkili” elmi-praktik hüquq
jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə
çatdırılıb.
Təlimin əsas hissəsində hüquq üzrə fəlsəfə
doktoru, dosent Nazənin Hüseynova mülki doktrina və qanunvericiliyə görə
əsassız varlanma, əsassız varlanmadan yaranan öhdəliklər, o cümlədən qanundan
əmələ gələn öhdəliklər, əsassız varlanma fürsətləri, müvafiq mövzu üzrə
təcrübədəki əsas problemlər və digər praktik məsələlər barədə ətraflı çıxış
edib.
Daha sonra vəkillər əsassız varlanma barədə
öz təcrübələrinə əsaslanaraq fikirlərini bölüşüblər.
Təlim interaktiv formada davam edib və yekunda
vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb, xatirə şəkli
çəkilib.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 40 üzvü iştirak edib.