Kənd təsərrüfatı naziri Məcnun Məmmədov
Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb.
Qonaqları salamlayan nazir bildirib ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü
siyasət nəticəsində respublikamızda
hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunur. Ölkəmizdə
məhkəmə-hüquq sisteminin fəaliyyəti təkmilləşdirilir, insan hüquq və
azadlıqları etibarlı müdafiə olunur. Müasir dövrün tələblərinə cavab verən,
cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması
istiqamətində tədbirlər uğurla davam etdirilir.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin
sədri Anar Bağırov isə öz növbəsində məhkəmə-hüquq sisteminin fəaliyyətinin
təkmilləşdirilməsi, bu sahədə aparılan islahatlar, Vəkillər Kollegiyası
tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Anar Bağırov vurğulayıb
ki, qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş
hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmləri
formalaşdırılıb. Vəkillik institutunu ölkəmizdə ədalət mühakiməsinin həyata
keçirilməsində iştirak edən mühüm təsisat adlandıran Vəkillər Kollegiyasının
sədri insan hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin etibarlı
müdafiə edilməsinin və onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi
yardım göstərilməsinin əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Görüş zamanı dövlət orqanlarının
fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, əhaliyə
göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması,
keyfiyyətinin və səmərəliliyinin artırılması, bu sahədə səmərəli və işgüzar
münasibətlərin yaradılmasının vacibliyi, aqrar sahədə ixtisaslaşmış
hüquqşünasların formalaşması və digər məsələlər müzakirə olunub.
Görüş çərçivəsində Kənd Təsərrüfatı
Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum
imzalanıb. Sənəddə kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi
ilə bağlı təkliflərin hazırlanması, kənd təsərrüfatı münasibətlərinin
subyektləri, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, vəkillər, aqrar sahədə
fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün hüquqi maarifləndirmə ilə
bağlı seminar, təlim, konfrans və təşviqat tədbirlərinin keçirilməsi, Vəkillər
Kollegiyası Akademiyasında aqrar hüququn tədrisi ilə bağlı tədbirlərin
görülməsi, aqrar hüquq sahəsində elmi və elmi-praktiki araşdırmaların təşviq
edilməsi və maarifləndirici vəsaitlərin hazırlanması, beynəlxalq layihələr
çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi öz əksini tapıb.
Tədbirin sonunda qarşılıqlı maraq doğuran
məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir
mübadiləsi aparılıb.