Yanvarın 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
Görüşdə ARVK sədri Anar Bağırov çıxış
edərək vəkil köməkçilərini salamlayıb, onların gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Sonra sədr vəkil köməkçilərinin vəkillik
fəaliyyətində rolu və əhəmiyyətini, inkişaf perspektivlərini, habelə savadlı
vəkil köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmini
diqqətə çatdırıb.
Vəkillik peşəsinin vacibliyini və bu sahədə
peşəkar yardımın cəmiyyət üçün əhəmiyyətini vurğulayan Anar Bağırov hazırda Kollegiyada
566 vəkil köməkçisinin və 2500-dən çox vəkilin fəaliyyət göstərdiyini bildirib.
Bununla da ARVK hazırda ölkədə ən çox hüquqşünasın cəmləşdiyi peşə qurumlarından
biridir.
ARVK-nın hər zaman vəkil köməkçilərinin fəaliyyətinə,
peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini deyən sədr onlara
tövsiyələrini çatdıraraq bu istiqamətdə fəaliyyətlərinin təcrübi biliyə
yiyələnmələrində faydalı olacağını vurğulayıb.
Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.