Fevralın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
Görüşdə ARVK sədri Anar Bağırov çıxış
edərək vəkil köməkçilərini salamlayıb, onların gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Sonra sədr vəkil köməkçilərinin vəkillik
fəaliyyətində rolu və əhəmiyyətini, inkişaf perspektivlərini, habelə savadlı
vəkil köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmini
ifadə edib.
Vəkillik peşəsinin vacibliyini və bu sahədə
peşəkar yardımın cəmiyyət üçün əhəmiyyətindən danışan Anar Bağırov hazırda
Kollegiyada 572 vəkil köməkçisinin və 2500-dən çox vəkilin fəaliyyət
göstərdiyini vurğulayıb.
ARVK-nın hər zaman vəkil köməkçilərinin
fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini deyən
sədr onlara tövsiyələrini çatdıraraq bu istiqamətdə fəaliyyətlərinin təcrübi
biliyə yiyələnmələrində faydalı olacağını bildirib. Diqqətə çatdırılıb ki,
Kollegiyanın Rəyasət Heyətinin 14.10.2024-cü il tarixli qərarı ilə vəkil
köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə
tutulan ödənişdə güzəşt olunub.
Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.