Fevral ayının 18-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət
Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra iclas gündəliyinə uyğun olaraq dövlət
qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin
bərpa edilməsi barədə müraciətinə baxılıb. Rəyasət heyəti tərəfindən müsbət qərar
verilib və ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.
Bundan başqa, bəzi vəkillərin digər vəkil
qurumlarına keçməsi, vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətdə
üzvlük haqqından azad edilməsi məsələlərinə baxılıb, habelə “Kiçikbəyov və
partnyorları” Vəkil Bürosunda keçirilən monitorinqin nəticəsi elan olunub və
müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasda “Vəkillər Kollegiyasının
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” müzakirə edilib,
il ərzində bir sıra tədbirlərin keçirilməsi ilə bağlı rəy və təkliflərin verilməsi
qərara alınıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının
rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam
pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 3 vəkilə
irad bildirilib və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.