Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə keçirilib.
Komitənin sədri Hicran
Hüseynova tədbiri açaraq, bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə
malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O,
vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil
Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq
referendum yolu ilə qəbul edilib. 5 il əvvəl isə Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni
işğalına son qoyaraq, ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa
edib.
Komitə sədri Prezident
İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli”
elan edildiyini bildirib. O, bununla əlaqədar olaraq, keçiriləcək tədbirlər çərçivəsində
rəhbərlik etdiyi komitə tərəfindən bugünkü ictimai dinləmənin təşkil edildiyini
söyləyib.
Hicran Hüseynova Ulu
Öndər Heydər Əliyevin tarixi xidmətlərindən birinin də Azərbaycan
Konstitusiyasının hazırlanması olduğunu vurğulayıb. O dövrdə dövlət və cəmiyyət
həyatının bir çox sahələrini əhatə edən genişmiqyaslı islahatların həyata
keçirildiyini, ölkə Konstitusiyasının insan hüquq və azadlıqlarının etibarlı təminatçısı
olduğunu bildirib. O, qeyd edib ki, Konstitusiyada ailənin mahiyyəti, ailə üzvlərinin
vəzifə və hüquqları müvafiq maddələrdə müəyyən edilib. Komitə sədri dövlətimizin
Əsas sənədində nikah və ailənin dövlətin himayəsində olduğunu, ana, ata, uşaq
hüquqlarının qanunla mühafizə edildiyini deyib. Diqqətə çatdırılıb ki,
Konstitusiyanın müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsi qəbul
olunub və ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilib.
Komitə sədri vurğulayıb
ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin VII çağırış Milli Məclisin ilk
iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi
fikirlər ailə siyasətinin dövlətimizin prioritet istiqamətlərindən olduğunu bir
daha təsdiqləyir.
Bildirilib ki, Ulu Öndər
Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə
bərabərhüquqlu olması təsbit edilir. Qeyd edilib ki, qadın hüquqları müvafiq
qanun və məcəllələrdə də öz əksini tapıb və bu, ictimai-siyasi həyatımızın
bütün sferalarında gender siyasətinin güclənməsini təmin edir, həmçinin
zorakılığın, xüsusilə qadın və uşaqlara qarşı zorakılığın qarşısının alınması
üçün mexanizm yaradır.
Hicran Hüseynova
vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz hərtərəfli
və sürətli inkişaf edir. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində
Azərbaycan regionun ən güclü dövlətinə, yüksək beynəlxalq nüfuza malik ölkəyə
çevrilib. O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın öz çoxşaxəli fəaliyyəti ilə tariximizi, mədəni
irsimizi yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ etdiyini xüsusi qeyd edib.
Sonra Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. O, müasir
Konstitusiyada qadın hüquqlarının əsas prioritetlərdən biri olduğunu söyləyib.
Komitə sədri, eyni zamanda, 1978-ci ilin Konstitusiyasının qəbulunda Ulu Öndər
Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, bir sıra yeniliklərin olduğunu və
ilk dəfə qadın hüquqlarının, ailə məsələlərinin öz əksini tapdığını qeyd edib.
Ailənin dövlət tərəfindən müdafiə olunduğu, nikahda qadın və kişi bərabərliyi,
uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəaların təsbit edildiyini söyləyib.
Əli Hüseynli 1995-ci
ildə qəbul olunmuş Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də
referendum yolu ilə daha da inkişaf etdiyini və 2016-cı ildə keçirilmiş
referendum nəticəsində Azərbaycanda Prezident idarəetmə üsulunun möhkəmləndirildiyini,
vitse-prezident institutunun yaradıldığını nəzərə çatdırıb. O, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident seçildikdən
sonra Azərbaycanda qadınların cəmiyyətdə, dövlət idarəçiliyində rolunun genişləndiyini
bildirib. Bu gün hakim korpusunda qadınların üstünlük təşkil etdiyini, ölkəmizdə
gender bərabərliyinin təmin olunduğunu, ümumilikdə Konstitusiyamızda qadın
hüquqlarının müfəssəl şəkildə qorunduğunu söyləyib. Komitə sədri
suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasında da Azərbaycan
qadınının xüsusi rolunu qeyd edib.
Tədbirdə iştirak edən
Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova bildirib ki, Prezident
İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan
edilməsi dövlətimizin hüquqi dayaqlarının möhkəmləndirilməsi, qanunun
aliliyinin və Konstitusiya dəyərlərinin daha da gücləndirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın
ilk Konstitusiyasının müddəalarının üçdə bir hissəsinin məhz insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsinə həsr olunduğunu deyib. Bildirib ki,
Konstitusiya Məhkəməsi öz qərarları ilə ailə dəyərlərinin qorunmasına, qadın və
uşaqların hüquqlarının müdafiəsinə mühüm töhfələr verir.
Ədliyyə nazirinin
müavini Abiddin Hüseynov öz çıxışında mövzunun vacibliyini qeyd edərək, ailədə
təlim və tərbiyə prosesinin əhəmiyyətindən söhbət açıb. O, Konstitusiyada ailənin
cəmiyyətin özəyi olaraq müəyyən edildiyini, nikah, uşaqla bağlı hüquqi münasibətlərə
geniş yer verildiyini, o cümlədən ailə və uşaqların müdafiəsinin birbaşa dövlətin
himayəsində olduğunu söyləyib. Ölkəmizdə bu sahədə çoxsaylı qanunların, habelə
beynəlxalq müqavilələrlə bağlı sənədlərin qəbul edildiyini, islahatların bu gün
də davam etdirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini bildirib. Nazir
müavini Ədliyyə Nazirliyinin də ailə, qadın və uşaq hüquqları ilə bağlı məsələlərə
dair üzərinə düşən vəzifələri yerinə yetirdiyini qeyd edib.
Tədbirdə Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək
vurğulayıb ki, ölkəmizdə ailə, qadın və uşaq məsələləri sahəsində dövlət
siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və
Ulu Öndərin rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində
zəruri tədbirlər görülüb. Bildirilib ki, Prezidentin ölkəmizdə 2025-ci ili
“Konstitusiya və Suverenlik İli” elan etməsi bu sahədə aparılan islahatların
daha da dərinləşməsinə töhfə verir. Sərəncamda insan hüquqlarının təmin edilməsinin
və sosial rifahın yüksəldilməsinin dövlət siyasətinin əsas istiqamətləri kimi
göstərildiyini deyən Anar Bağırov bu baxımdan ailə institutunun qorunması,
qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin
və müvafiq dövlət proqramlarının icrasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.
İctimai dinləmədə İnsan
hüquqları komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Müşfiq Məmmədli, Günay
Ağamalı, deputat Azər Allahverənov, Vəkillər Kollegiyası Akademiyasının rektoru
Əmir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat
şöbəsinin müdiri Taliyə İbrahimova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin
sədr müavini Tahirə Allahyarova mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Çıxışlarda ailə institutunun möhkəmlənməsinin, gender bərabərliyinin təmin
edilməsinin daim dövlətimizin diqqətində olduğu bildirilib. Ailə dəyərlərinin
möhkəmləndirilməsinin, ailənin sosial-iqtisadi rifahının təmin olunmasının, ailədaxili
sağlam mənəvi mühitin formalaşmasının, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlərə
əsaslanmasının ümumilikdə cəmiyyətin inkişafında mühüm rolundan bəhs edilib.
Qeyd olunub ki, bu gün qadın hüquqlarının təmin edilməsinə, onların ictimai-siyasi
həyatda fəal iştirakına dövlət səviyyəsində böyük dəstək verilir. Məişət
zorakılığının aradan qaldırılması istiqamətində önəmli addımlar atılır. Həmçinin,
bildirilib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqların hərtərəfli diqqət
və qayğı ilə əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Ailələrdə uşaqların milli ruhda böyüməsi, onların cəmiyyətə faydalı bir fərd
kimi yetişməsi üçün təlim-tərbiyə işinin düzgün qurulmasının vacibliyindən
danışılıb. Ölkəmizdə ailə institutunun inkişafına yönəlmiş məqsədyönlü tədbirlərin
görüldüyü, bu sahədə davamlı islahatların aparıldığı vurğulanıb.
Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.