Cari il mart ayının 15-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və "Femida Könüllüləri" Təşkilatı arasında bağlanan Memoranduma əsasən, müxtəlif Vəkil Bürolarında təcrübə keçən könüllülərə sertifikatlar təqdim edilib.
Tədbirdə açılış nitqi
ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir
Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və
könüllüləri təcrübə müddətlərini müvəffəqiyyətlə başa vurduqlarına görə təbrik
edib. Qeyd olunub ki, könüllü tələbələr və təcrübəçilər ARVK rəhbərliyinin daim
diqqətindədir.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti iştirakçıların diqqətinə
çatdırılıb, könüllülər jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.
Vəkillərin İxtisas
Komissiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Kollegiya rəhbərliyinə
könüllülərə göstərilən diqqət və qayğıya görə təşəkkür edib və onlara uğurlar
arzu edib.
“Femida Könüllüləri” Təşkilatının
sədri Nilgün Məmmədova çıxışında Kollegiya rəhbərliyinə göstərilən diqqət və
qayğıya görə təşəkkür edib. Bildirib ki, statistikaya görə artıq 100-ə yaxın
Femida könüllüsü müxtəlif Vəkil bürolarında təcrübə keçiblər.
Eyni zamanda görüşdə
ARVK Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər
Quliyev, Vəkillərin İntizam Komissiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri
Elvin Səlimov və “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun nümayəndəsi Vüsal
Atabəyoğlu da iştirak edib.
Sonda könüllülərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.