Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.
Hazırda yazılı və şifahi imtahanlarda müvəffəqiyyət
qazanmış 129 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında icbari təlim davam
etdirilir.
Mart ayının 17-də isə Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırovun vəkilliyə namizədlərlə
görüşü keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən sədr qarşıdan gələn
Novruz və Ramazan bayramları münasibəti ilə hər kəsi təbrik edib, vəkilliyə
namizədlərə uğurlar diləyib, habelə təlim zamanı vəkillərin lazımi biliyə və
peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə
xüsusi diqqət yetirildiyini deyib.
Nəzərə çatdırılıb ki, vəkilliyə qəbulla bağlı test
imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin iştirakı ilə ARVK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf
şəraitində keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi müsahibə mərhələləri
zamanı videoyazıdan istifadə edilərək, hər namizədə eyni suallar verilir.
İnsan haqlarının qorunması, vəkil etikası və digər
aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu
bildirən sədr icbari təlimdə ARVK-dan 122, Naxçıvan Muxtar Respublikasının Vəkillər
Kollegiyasından isə 7 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd
edilib ki, vəkilliyə namizədlərdən 55 nəfər qadın, 67 nəfər isə kişidir, o cümlədən
onlardan 76 faizi 40 yaşadəkdir.
Həmçinin Anar Bağırov vəkillərin ilkin icbari və
davamlı tədrisinin əhəmiyyətini qeyd edərək, son dövrlər Azərbaycan vəkilliyində
aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər,
o cümlədən onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə
diqqətə çatdırıb. Sədr son illər tədris prosesində dəyişikliklərin edildiyini,
bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə
Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq,
daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu ifadə edib.
Tədbirdə Anar Bağırov ARVK-nın son illər bir çox
beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə
işgüzar əməkdaşlıqlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən
tam dəstəkləndiyini söyləyib.
Sədr xüsusi ilə nəzərə çatdırıb ki, vəkillər öz peşə
borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin etik davranış kodeksi
ilə üzərilərinə qoyulan vəzifələri icra etməli, vətəndaşlara keyfiyyətli hüquqi
yardım göstərməli, qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə
yol verməməlidirlər. Bəzi formal vəkillik, qeyri-prosessual hallar vəkilliyin
nüfuzunu aşağı salır. Kollegiya bununla bağlı hər zaman barışmaz mövqe nümayiş
etdirəcək.
Eyni zamanda Anar Bağırov vəkillik institutunun
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan
Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının
bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən
vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi
barədə danışıb. Bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq
islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan
vəkilliyinin inkişafının faktorlarından biri olduğunu dilə gətirilib.
Daha sonra ARVK-nın sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.