Aprelin 9-da Ədliyyə
Nazirliyinin Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında pulsuz
hüquqi yardım sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
Akademiyanın rektoru
Şahin Əliyev və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun
imzaladığı memorandumda məlumat, təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın
inkişaf etdirilməsi və s. məsələlər nəzərdə tutulub.
Akademiyanın rektoru
Şahin Əliyev bildirib ki, 2013-cü ildən etibarən Ədliyyə Akademiyasında aztəminatlı
şəxslərə pulsuz hüquqi yardım göstərilir və bu sahədə Vəkillər Kollegiyası ilə əməkdaşlıq
edilir. Bu memorandumun Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığı
daha da genişləndirəcəyi bildirilib.
Daha sonra Vəkillər
Kollegiyasının sədri Anar Bağırov çıxış edərək deyib ki, imzalanan əməkdaşlıq
memorandumu pulsuz hüquqi yardım sahəsinin təkmilləşdirilməsində və vətəndaşlara
göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq. Bu
əməkdaşlıq həm də gənc hüquqşünasların peşəkar hazırlığı, praktiki bilik və
bacarıqlarının inkişafı baxımından çox əhəmiyyətlidir. Anar Bağırov aztəminatlı
və hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsinin
Kollegiyanın prioritet istiqamətlərindən biri olduğunu və Ədliyyə Akademiyası
ilə birgə layihələrin bu sahədə əhəmiyyətli nəticələr verəcəyinə əminliyini
ifadə edib.
Ədliyyə Akademiyası ilə
əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr Akademiyada birgə əməkdaşlıq
çərçivəsində ötən il 1000-dən artıq vəkilin müxtəlif mövzularda təşkil olunmuş
peşəkar təlimlərdə iştirak etdiyini diqqətə çatdırıb. Bu, vəkillərin bilik və
bacarıqlarının daim yenilənməsi və onların peşəkarlıq səviyyəsinin artırılması
baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda Anar
Bağırov qeyd edib ki, 2024-cü il ərzində Kollegiya tərəfindən ölkə üzrə
ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu fəaliyyət
əhalinin sosial həssas təbəqələrinin hüquqlarının müdafiəsinə yönəlib və hüquqi
yardımın əlçatanlığını təmin etmək məqsədi daşıyır. Həmçinin ötən il həyata
keçirilən pulsuz hüquqi yardım aksiyalarından 24-ü Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətin müəssisələrində məhkumlar, 3-ü isə Ədliyyə Nazirliyinin
Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan şəxslər üçün təşkil
olunub. Bu təşəbbüslər vəkillik institutunun sosial məsuliyyət prinsiplərinə əsaslanan
fəaliyyətinin bariz nümunəsidir.