Aprelin 18-də “Badamdar Estates” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə ARVK Rəyasət
Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, ardınca Dövlət Himni və Vəkil
Marşının səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə açılış nitqi
ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun
tarixi inkişaf yoluna nəzər salıb, son illərdə bu sahədə əldə olunan mühüm
nailiyyətlər, həyata keçirilən islahatlar və Kollegiyanın fəaliyyət istiqamətləri
barədə ətraflı məlumat verib.
Anar Bağırov bildirib
ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən bir sıra
mühüm tədbirlər həyata keçirilir, vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi
istiqamətində ardıcıl işlər görülür. Sədr nəzərə çatdırıb ki, ötən il ərzində
ARVK tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi
yardım göstərilib. Bu tədbirlərin əsas məqsədi vətəndaşların keyfiyyətli hüquqi
yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının
müdafiəsidir.
Eyni zamanda Anar
Bağırov çıxışında son dövrlərdə vəkillərin say artımı ilə müşayiət olunan müsbət
dinamikanı da qeyd edərək bildirib ki, Vəkillər Kollegiyası Akademiyasında vəkillərin
peşəkar inkişafına xüsusi önəm verilir. Burada vəkillər, gənc hüquqşünaslar
davamlı olaraq müxtəlif mövzularda təlim və tədris proseslərinə cəlb olunur,
onların etik davranışının, hüquqi savadının, praktiki bilik və bacarıqlarının
artırılmasına diqqət yetirilir.
Sədr həmçinin hüquq
ictimaiyyəti üçün mühüm platformalardan biri olan “Azərbaycan Vəkili” elmi-praktik
hüquq jurnalının nüfuzunu xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, Hüquq və
İnsan Haqları İnstitutu tərəfindən hazırlanmış ikinci Monitorinq Hesabatına əsasən,
bu jurnal ölkədə ən çox oxunan hüquqi nəşrlər sırasında birinci yeri tutub.
Tədbirdə diqqətə
çatdırılıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı
test imtahanı keçirilib. Bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək
icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək Kollegiya
üzvlüyünə qəbul olunub.
Bu gün keçirilən mərasimdə
isə daha 102 namizəd vəkil andı içərək ARVK-nın üzvü olub. Bununla da ölkəmizdə
vəkillərin ümumi sayı 2609 nəfərə çatıb. Yeni qəbul olunan vəkillərdən 56 nəfəri
kişi, 46 nəfəri isə qadındır. Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91 nəfəri
isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən
qadın vəkillərin sayı 548 nəfərə
yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edir.
Sonra tədbirdə Kollegiyanın
fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Mərasimdə ARVK-nın
üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov
çıxış edərək namizədləri səmimi-qəlbdən təbrik edib, onların gələcək peşə fəaliyyətində
uğurlar qazanacağına inandığını söyləyib.
Vəkillik peşəsinin yüksək
etik dəyərlərə və məsuliyyətə əsaslanan bir fəaliyyət sahəsi olduğunu deyən əməkdar
hüquqşünas gənc vəkillərə daim insan hüquq və azadlıqlarının müdafiəsində
prinsipial mövqe nümayiş etdirməyi, hüquqi biliklərini davamlı olaraq təkmilləşdirməyi,
habelə vəkillik nüfuzunun qorunması istiqamətində əzmlə çalışmağı tövsiyə edib.
Daha sonra vəkilliyə qəbul
üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə
başa vurmuş və şifahi müsahibədən keçərək ARVK üzvlüyünə qəbul olmuş namizədlərin
andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli
şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik
götürüblər. Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim edilib.
Mərasimdə çıxış edən
yeni qəbul olunmuş vəkillər peşəyə yiyələndikləri üçün böyük qürur hissi
keçirdiklərini ifadə edib, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının ardıcıl
və sistemli şəkildə təşkilinə görə ARVK Rəyasət Heyətinə təşəkkürlərini
bildiriblər.
Tədbirin ikinci hissəsində
isə fəaliyyəti dövründə fərqlənmiş və yubiley yaşı tamam olmuş Kollegiyanın bir
qrup üzvü təltif olunub.
Eyni zamanda mərasim çərçivəsində ARVK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.