Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!
Məlum olduğu kimi, “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm
keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait
yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn
tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə
olunan razılığa əsasən, 06.07.2025-ci il tarixdə saat 10:00-da ARVK üzvlüyünə qəbulla
bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə
tutulur.
Belə ki, DİM-in Bakı şəhəri,
Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən inzibati binasında təşkil
olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
Namizədlər buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl dim.gov.az saytından əldə
edə bilərlər.
Həmçinin namizədlərdən
müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati
binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları
xahiş olunur.
Əlavə olaraq bildiririk
ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. 22 iyun 2025-ci il tarixədək qeydiyyatdan
keçməmiş şəxslər qeydiyyatdan keçə bilər. Bu tarixədək qeydiyyatdan keçmiş şəxslər
isə ödəniş edib və ya öz elektron müraciətlərini təxirə sala bilər.