Aprelin 24-25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri,
hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə
heyəti Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin dəvəti
ilə “Ətraf mühit hüququnun müasir problemləri” mövzusunda keçirilən beynəlxalq
konqresdə iştirak edib.
15-dən çox ölkədən hüquqşünas alimlərin, vəkillərin iştirak etdiyi beynəlxalq
tədbirə Kollegiyanın sədri Anar Bağırovla yanaşı, ARVK Vəkillərin İxtisas
Komissiyasının sədri professor Turqay Hüseynov və ARVK Aparat rəhbərinin
müavini Səttar Məmmədov da qatılıb.
Konqresin açılış mərasimində Dokuz Eylül Universitetinin dekanı,
professor Mehmet Refik Korkusuz çıxış edərək iştirakçıları salamlayıb,
konqresin işinə uğurlar arzulayıb, tədbirin əhəmiyyətindən və ekoloji hüquq sahəsində
beynəlxalq əməkdaşlığın vacibliyindən bəhs edib.
Sonra Dokuz Eylül Universitetinin rektoru, professor Bayram Yılmaz çıxış
edərək konqres iştirakçılarını salamlayıb, iqlim dəyişikliyi, təbii resursların
sürətli tükənməsi və ekosistemlərin məhv olmasının bəşəriyyət üçün ciddi təhlükələr
doğurduğu qeyd edib. Bu problemlərin qarşısını alınmasında yalnız texniki və
texnoloji yanaşmaların kifayət etmədiyini bildirən rektor ətraf mühitin
qorunması sahəsində hüquqi mexanizmlərin, yəni ekologiya hüququnun gücləndirilməsinin
xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
ARVK Vəkillərin İxtisas Komissiyasının sədri, hüquq elmləri doktoru
Turqay Hüseynov çıxışı zamanı insan hüquqları ilə iqlim dəyişikliyi arasındakı əlaqəyə
toxunub. Nəzərə çatdırıb ki, iqlim dəyişikliyi insanların həyat və sağlamlıq
hüququ, təmiz su və ərzağa çıxış kimi fundamental hüquqlarını birbaşa təsir
altına alır. Ətraf mühitin mühafizəsi artıq yalnız ekoloji məsələ deyil, eyni
zamanda insan hüquqlarının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.
İqlim ədaləti konsepsiyası iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı ən həssas
olan əhali qruplarının hüquqlarının müdafiəsini və bu təsirlərin ədalətli şəkildə
bölüşdürülməsini ön plana çıxarır.
Ekoloji hüquq normaları, habelə sağlam ətraf mühitdə yaşama hüququ ilə
bağlı beynəlxalq təcrübədən danışan Turqay Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsi
praktikasını da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, çıxışının davamında beynəlxalq və milli məhkəmələrin bu sahədə məsuliyyətin
müəyyənləşdirilməsi və ədalətli qərarların qəbul edilməsindəki rolunu xüsusi
vurğulayıb.
ARVK-nın sədri Anar Bağırov “Vəkillərin ekoloji hüquq normalarının tətbiqində
rolu” mövzusunda çıxış edərək iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də
hüquqi çağırış olduğunu bildirib. Sədr deyib ki, bu sahədə beynəlxalq sənədlər
və konvensiyalar ətraf mühitin qorunmasında hüquqi öhdəliklər müəyyən edir.
Diqqətə çatdırıb ki, Azərbaycanın Konstitusiyası və qanunvericiliyi sağlam ətraf
mühitdə yaşamaq hüququnu təmin edir və bu istiqamətdə müasir hüquqi baza
formalaşdırılıb. Ətraf mühitlə bağlı hüquqların effektiv təminatı və pozulmuş
hüquqların bərpası üçün vəkillərin hüquqi bilik və bacarıqları həlledici əhəmiyyət
daşıyır.
Anar Bağırov qeyd edib ki, Qarabağda təxminən 30 ilə yaxın davam edən
işğal dövrü təkcə ərazi bütövlüyünə və insanların fiziki təhlükəsizliyinə
deyil, həm də bölgənin ekoloji balansına, təbii sərvətlərinə və ümumilikdə ətraf
mühitə ciddi və bərpaolunmaz ziyanlar vurub. Qarabağda baş vermiş ekoloji fəlakətlər
insan hüquqlarına ciddi şəkildə təsir göstərib və hüquq kobud şəkildə pozulub.
Eyni zamanda konqres çərçivəsində ARVK-nın nümayəndə heyəti Dokuz Eylül
Universitetində hüquq təhsili təhsil alan azərbaycanlı tələbələrlə görüşüb,
onları maraqlandıran sualları cavablandırıb, gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.
Bundan başqa, ARVK-nın sədri Anar Bağırov Avropa Hüquqşünas Tələbələr Assosiasiyasına
(ELSA) göstərdiyi dəstəyə görə ELSA İzmir tərəfindən təltif edilib. Konqres çərçivəsində
Dokuz Eylül Universitetinin Hüquq fakültəsinin azərbaycanlı doktorantı, ELSA
İzmirin rəhbəri Camal Abbasov təltifi Kollegiya sədri Anar Bağırova təqdim edərək
ELSA İzmir adından minnətdarlığını bildirib.
Həmçinin səfər çərçivəsində ARVK nümayəndələri müxtəlif ölkələrdən olan
hüquqşünaslar, vəkillər və hüquqşünas alimlərlə görüşlər keçirib, ətraf mühit
hüququ sahəsində aktual problemlər, müasir yanaşmalar və qabaqcıl təcrübələr
müzakirə edilib, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hüquq sahəsində
davamlı islahatlar, vəkillərin peşəkar hazırlığının artırılması və iqlim dəyişikliyi
ilə bağlı hüquqi mexanizmlərin tətbiqi istiqamətində fikir və təcrübə mübadiləsi
aparılıb.
Dokuz Eylül Universitetinin rektoruna ARVK-nın xatirə hədiyyəsi
Dokuz Eylül Universitetinin Hüquq fakültəsində təhsil alan azərbaycanlı tələbələr
Dokuz Eylül Universitetinin Hüquq fakültəsində təhsil alan azərbaycanlı tələbələr
Dokuz Eylül Universitetinin Hüquq fakültəsinin doktorantı, ELSA İzmirin rəhbəri
Konqres iştirakçılarının
xatirə fotosu