24-26 aprel tarixlərində Türkiyənin Balıkesir Universiteti və İstanbul Universiteti, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyası, Bakı Dövlət Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Buxara Dövlət Universiteti, Gülüstan Dövlət Universiteti, Daşkənd İqtisadiyyat Universiteti, Əl-Fərabi Qazax Milli Universiteti, Qazaxıstan Milli Aqrar Universitetinin təşkilatçılığı ilə “Stratejik Bir Alan Olarak İdare Hukukunda Tarım Faaliyeti ve Doğal Çevrenin Korunması” mövzusunda “5. İdare Hukuku ve İdari Yargı Uluslararası Sempozyumu” (ISALAJ-2025) təşkil olunub.
20-dən çox ölkənin nümayəndəsinin, alim və tədqiqatçıların qatıldığı tədbirdə
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyası təşkilatçılardan
biri olaraq iştirak edib və simpoziumda istər əyani, istərsə də, onlayn formada
Vəkillər Kollegiyasının üzvləri tezislərlə çıxış ediblər.
Əyani formada simpoziumda iştirak edən Vəkillər Kollegiyası
Akademiyasının rektoru, professor Əmir Əliyev tədbir iştirakçılarını Vəkillər Kollegiyası
Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb. Professor Beynəlxalq
Simpoziumun təşkilini yüksək qiymətləndirərək Azərbaycan və Türkiyə arasında
hüquq elmi sahəsində əməkdaşlığın genişlənməsinin əhəmiyyətini iştirakçıların
diqqətinə çatdırıb.
Qeyd olunub ki, torpaq hüququ və ətraf mühitin qorunması məsələləri müxtəlif elmlərlə qarşılıqlı əlaqədədir və torpağın idarə olunmasında, o cümlədən kənd təsərrüfatının hüquqi çərçivədə inkişafında dövlətin normayaradıcı və təşviqedici funksiyası xüsusi əhəmiyyət daşıyır.