Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması və vəkillik institutunun inkişaf etdirilməsi ilə bağlı tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən üzvlüyə qəbul prosesi ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu çərçivədə tam şəffaflıq və obyektivlik prinsipləri əsasında ixtisas imtahanlarının təşkili təmin olunub.
Aprelin 30-da isə yazılı və şifahi mərhələlərdə uğur qazanmış 105 vəkilliyə
namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimə start verilib.
Bu təlim gələcək vəkillərin peşəkar bilik və bacarıqlarının
artırılmasına, onların hüquqi praktikaya hazırlıqlı şəkildə daxil olmasına xidmət
edir və Kollegiyanın keyfiyyətli hüquqi yardımın təmininə verdiyi önəmin bariz
nümunəsidir.
Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə
Akademiyasının prorektoru Elçin Xələfov vəkilliyə namizədlərə uğurlar
arzulayıb, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin
artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişiklik münasibətilə
bütün vəkilləri təbrik edib. Prorektor Kollegiya ilə Ədliyyə Akademiyası
arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən pulsuz
hüquqi yardımın məqsəd və əhəmiyyətindən bəhs edib. Həmçinin Ədliyyə
Akademiyasında təşkil edilən təlimdən danışan Elçin Xəlilov vəkilliyə namizədlərin
yalnız nəzəri biliklərlə deyil, eyni zamanda praktik bacarıqlarla da yiyələnməsinin
zəruriliyini vurğulayıb.
Prorektor ARVK-nın müstəqil təsisat kimi son illərdə sürətli inkişaf yolu
keçdiyini və bu dövrdə vəkil sayının üç dəfədən çox artdığını diqqətə çatdırıb.
Kollegiyanın ədalət mühakiməsi sahəsində fəaliyyət göstərən digər qurumlarla
sıx və səmərəli əməkdaşlıq münasibətləri qurduğunu söyləyən Elçin Xəlilov bu əlaqələrin
dərin və möhkəm əsaslara dayandığını bildirib.
Həmçinin prorektor iki həftə davam edəcək təlim proqramının məzmun
baxımından zəngin və fərqli olduğunu qeyd edərək, bu mərhələdə praktik
bacarıqların inkişafına xüsusi diqqət yetiriləcəyini dilə gətirib. Onun sözlərinə
görə, təlimlərə peşəkar vəkil və hüquqşünaslar da təlimçi qismində cəlb
olunacaq ki, bu da iştirakçıların real hüquqi prosesləri daha dərindən mənimsəməsinə
imkan yaradacaq.
ARVK Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vəkilliyə namizədləri
təbrik edib, onlara təlim müddətində uğurlar diləyib, dövlət hesabına hüquqi
yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı
Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi yüksək qiymətləndirib. Bu qərarın
dövlətin vəkillik institutuna verdiyi önəmin göstəricisi olduğunu və vətəndaşların
keyfiyyətli hüquqi yardıma çıxışının daha da yaxşılaşdırılmasına xidmət edəcəyini
bildirib.
Sədr qeyd edib ki, bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil,
eyni zamanda vəkillərin peşə hazırlığının möhkəmləndirilməsi, praktiki
bacarıqların inkişaf etdirilməsi və beynəlxalq hüquqi təcrübənin mənimsənilməsi
baxımından xüsusi əhəmiyyət daşıyır. Təlimin məzmununun çağdaş hüquqi
çağırışlara cavab verdiyini vurğulayan Anar Bağırov vəkil peşəsinə qəbul olunan
şəxslərin cəmiyyətin ədalətə çıxış imkanlarının genişləndirilməsində mühüm rol
oynayacağını söyləyib.
Diqqətə çatdırılıb ki, vəkilliyə qəbul üzrə test imtahanları ARVK və Dövlət
İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin,
dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə
tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin ixtisas
imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması məqsədilə
videoyazı tətbiq edilir və bütün namizədlərə eyni məzmunlu suallar təqdim
olunur.
Sədr bildirib ki, icbari təlim çərçivəsində insan hüquqlarının müdafiəsi,
vəkil etikası və digər aktual mövzular üzrə məşğələlər nüfuzlu ekspertlərin
iştirakı ilə keçiriləcək. Anar Bağırov əlavə edib ki, təlimdə iştirak edən 105
vəkilliyə namizəddən 34 nəfəri qadın, 71 nəfəri isə kişidir. Namizədlərin 84
faizi 40 yaşadək şəxslərdir ki, bu da vəkillik peşəsinə gənc hüquqşünasların
marağının artdığını göstərir. Təlim iştirakçılarının 62 faizi Bakı şəhəri üzrə,
38 faizi isə bölgələr üzrə qeydiyyatdadır. Bu göstəricilər regionlarda hüquqi
yardımın əlçatanlığının genişləndirilməsi baxımından müsbət əhəmiyyət daşıyır.
Eyni zamanda sədr çıxışında vəkillərin ilkin icbari və davamlı tədrisinin
əhəmiyyətinə toxunaraq qeyd edib ki, son illərdə Azərbaycan vəkilliyində mühüm
islahatlar həyata keçirilib. Vəkillərin sayının artırılması, institutun yenilənməsi,
cavanlaşdırılması və müasirləşməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bildirilib
ki, tədris sahəsində də ciddi dəyişikliklər baş verib və bu istiqamətdə zəruri
islahatlar aparılıb. Təlim proqramlarının hazırlanması və həyata keçirilməsi
prosesi Ədliyyə Akademiyası ilə sıx əməkdaşlıq şəraitində baş tutur. Əvvəlki
illərlə müqayisədə bu gün daha təkmil, məqsədyönlü və effektiv tədris proqramı
tətbiq olunur ki, bu da vəkilliyə namizədlərin nəzəri və praktiki hazırlıq səviyyəsinin
yüksəldilməsinə xidmət edir. Anar Bağırov təlimlərin yüksək səviyyədə təşkil
edilməsinə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə təşəkkür
edib.
Sonra Anar Bağırov çıxışının davamında son illərdə ARVK-nın bir sıra
nüfuzlu beynəlxalq təşkilatlara üzv olduğunu söyləyərək, bu istiqamətdə əldə
olunan uğurlardan və yerli dövlət qurumları ilə qurulan səmərəli əməkdaşlıq
münasibətlərindən bəhs edib. Sədr vəkillik institutunun təşəbbüslərinin dövlət
tərəfindən tam dəstəkləndiyini xüsusi vurğulayıb.
Bundan başqa, Anar Bağırov xüsusilə vurğulayıb ki, vəkillər peşə borcunu
vicdanla yerinə yetirməli, qanunvericiliyin tələblərinə və vəkillərin etik davranış
kodeksinə ciddi riayət etməlidirlər. Onlar vətəndaşlara yüksək keyfiyyətli
hüquqi yardım göstərməli, hər hansı qeyri-qanuni davranışa və qeyri-prosessual
normalardan kənar münasibətlərə yol verməməlidirlər. Sədr bəzi hallarda müşahidə
olunan formal vəkillik fəaliyyəti və qeyri-prosessual davranışların vəkillik
institutunun nüfuzuna xələl gətirdiyini qeyd edərək, Kollegiyanın bu cür hallara
qarşı prinsipial və barışmaz mövqe sərgilədiyini diqqətə çatdırıb.
Mərasim zamanı Anar Bağırov vəkillik institutunun inkişafı istiqamətində
görülən işlər və qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı məlumat verib. Sədr
xüsusilə Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 2018-ci il tarixli
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Bu Sərəncamın ilk dəfə olaraq vəkillik
sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən
etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri
olduğunu bildirib. Həmçinin Anar Bağırov qeyd edib ki, bu çərçivədə həyata
keçirilən tədbirlər nəticəsində ölkədə vəkillərin sayı əhəmiyyətli dərəcədə
artıb.
Daha sonra Anar Bağırov “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzə ilə çıxış edib. Mühazirə zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb.