Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının sədr müavini DİA-da keçirilən elmi-praktik konfransında çıxış edib

30 aprel 2025    332 share share

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni reallıqlar, strateji hədəflər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Tədbir Dövlət İdarəçilik Akademiyası, Baş Prokurorluq, Vəkillər Kollegiyası (VK), Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan bu konfransın yeni çağırış və inkişaf yollarına yönəlik təkliflərin, fikirlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu söyləyib. Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə suverenliyini tam bərpa etdiyini vurğulayan rektor deyib ki, bu, məqsədyönlü və uzunmüddətli fəaliyyətin planlaşdırılmasının nəticəsidir. Azərbaycanın iqtisadi inkişaf göstəricilərindən danışan akademik U.Ələkbərov bu baxımdan ölkəmizin sosial siyasəti imkanlarına diqqət çəkib. Rektor çıxışında hüquqi bazanın çox vacib olduğunu söyləyib.

Elmi-praktik konfransda çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov bildirib ki, Azərbaycanın müstəqilliyinin və suverenliyinin bərpası tarixi zərurət idi: “Bu siyasətin banisi Ümummilli Lider Heydər Əliyev olub. Konstitusiyamızda olan prinsiplər hələ 200-300 il bizə xidmət edəcək” .

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, Azərbaycan Konstitusiyasında insan hüquqları ilə bağlı kifayət qədər maddələr mövcuddur: “Qanunvericilik aktlarında insan hüquqları ekspertizasını həyata keçiririk. İki il öncə insan hüquqları sahəsində böyük elektron kitabxana yaratdıq. Eyni zamanda, praktikaya aid siqnallar sorğusu - PASS platformasında rübdə 1 dəfə ictimaiyyətdən qanunvericiliyə aid təkliflər toplanır”.

Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək iştirakçıları VK sədri Anar Bağırovun və vəkil həmkarların adından salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Sədr müavini Konstitusiyanın hər bir dövlətin hüquqi, siyasi və iqtisadi əsaslarını müəyyən edən ən ali hüquqi qüvvəyə malik akt olduğunu, insan hüquq və azadlıqlarının təminatçısı kimi mühüm rol oynadığını vurğulayıb. Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer ayrılıb. Konstitusiyanın 1/3 hissəsi insan hüquq və azadlıqları ilə bağlı olan müddəalara yer verilib.

Şahmar Məmmədov nəzərə çatdırıb ki, 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Konstitusiyanın preambulasında xalqın məqsəd və niyyətləri - dövlətin suverenliyinin, ərazi bütövlüyünün qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması öz əksini tapıb. Bu gün qürurla deyə bilərik ki, ölkəmizin hər bir bölgəsində Konstitusiyanın hökmü bərqərar olunub, ölkəmiz hüquqi dövlət kimi, digər dövlətlər sırasında öz layiqli yerini tutub.

Həmçinin sədr müavini "Konstitusiya və Suverenlik İli" çərçivəsində Kollegiya tərəfindən hazırlanan geniş tədbirlər planından danışıb. Bu çərçivədə elmi-praktiki konfranslar, dəyirmi masalar, hüquq tələbələri ilə intellektual yarışların keçirilməsi, ödənişsiz hüquqi yardım aksiyaların təşkil edilməsinin nəzərdə tutulduğunu və hazırda bu cür tədbirlərin silsiləli şəkildə davam etdirildiyini bildirib.

Digər çıxış edənlər Azərbaycanın müstəqillik tarixindən, siyasi proseslərdən, Konstitusiyaya gedən yoldan danışıblar. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya mühüm qanunvericilik bazasıdır. Ali Qanun genişmiqyaslı hüquq və məhkəmə islahatlarının həyata keçirilməsinə imkan yaradıb. Konstitusiyanın müddəaları uzun illər hüquqi qüvvədə olacaq.

Qeyd edək ki, konfransda VK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədovla yanaşı Kollegiyanın üzvü, “Arbitrium” Vəkil Bürosunun müdiri Polad Mehdiyev də iştirak edərək çıxış edib.