Aprelin 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiya sədri Anar Bağırov Rəyasət Heyətinin son
dövrlərdə həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib, görülən işlərin
ölkədə hüquqi yardım sisteminin inkişafına və vəkillik institutunun möhkəmlənməsinə
töhfə verdiyini qeyd edib. Sədr dövlət hesabına hüquqi yardım göstərən vəkillərə
ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında
edilən dəyişikliyi müsbət addım kimi yüksək qiymətləndirib. Sədr bu qərarın vəkillərin
sosial təminatının yaxşılaşdırılmasına, onların peşəkar fəaliyyətlərinin
stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Eyni zamanda Anar Bağırov bildirib ki, Azərbaycan Respublikası
Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin
inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tövsiyələrin
icrası məqsədilə ARVK tərəfindən son illərdə ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirilib. Sərəncam çərçivəsində regionlarda yeni vəkil qurumlarının
yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi, vəkillərin sosial
təminatının yaxşılaşdırılması, vətəndaşların hüquqi yardıma çıxış imkanlarının
artırılması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu tədbirlər nəticəsində vəkillərin
sayı son illərdə 3 dəfədən çox artıb, vətəndaşların keyfiyyətli hüquqi yardımla
təmin olunması istiqamətində mühüm irəliləyişlər əldə olunub.
Sonra iclasın gündəliyinə uyğun olaraq bir sıra məsələlər müzakirə
olunub. Bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul
olunmaları ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, eləcə də müəyyən
müddətə üzvlük haqqından azad olunmaları ilə bağlı müraciətlərə baxılaraq
müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda “Fairness” Vəkil Bürosunun təsis olunması məsələləri müzakirə
edilərək müsbət qərar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və
Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə
töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə irad
tutulub, 6 vəkilə isə xəbərdarlıq olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.