Ədliyyə Nazirliyinin Probasiya xidməti və Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə Bakı şəhərində və digər regionlarda mütəmadi olaraq ödənişsiz hüquqi yardımlar göstərilir.
Aprel ayı ərzində Bakı şəhər Probasiya idarəsinin və Sumqayıt şəhər probasiya şöbəsinin qeydiyyatında olan
məhkumlar üçün növbəti hüquqi yardım aksiyaları həyata keçirilib.
Yerli icra məmurlarının (probasiya üzrə) iştirakı ilə paytaxtda Bakı şəhər
25 saylı Vəkil Bürosunun və Sumqayıt şəhərində isə Sumqayıt Regional Vəkil
Bürosu ilə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillər tərəfindən probasiya
qeydiyyatında olan ümumilikdə 50-yə yaxın şəxs qəbul edilib, onların
qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.
Həmin şəxslərə vaxtından əvvəl şərti azadetmə, apellyasiya şikayətlərinin
verilməsi, məhkumluğun götürülməsi, əvf üçün müraciətlərin edilməsi və digər
hüquqi məsələlərə dair məsləhətlər və izahatlar verilərək ödənişsiz hüquqi
yardımlar göstərilib.
Qeyd edək ki, 2025-ci il üçün Tədbirlər Planına əsasən bu cür aksiyalar il ərzində respublikamızın digər regionlarında da mütəmadi olaraq davam etdiriləcək.