26 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVAN” Milli Məhkəmə Simulyasiyasının bağlanış və mükafatlandırma mərasimi baş tutub.
Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov,
Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, Məhkəmə-Hüquq Şurasının
Aparat rəhbəri Kərəm Mansurov,Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və
Hakimlər İttifaqının nümayəndələri, eləcə də “DİVAN” Milli Məhkəmə
Simulyasiyasının iştirakçıları iştirak ediblər.
Müsabiqənin nəticələrinin elan olunmasından sonra, Cinayət, İnzibati,
Mülki və Kommersiya istiqamətləri üzrə I, II və III yerləri tutan komandalara,
həmçinin “Ən yaxşı mövqe müdafiəsi” nominasiyaları üzrə seçilən iştirakçılara
diplom və mükafatlar təqdim olunub.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov
final mərhələsinə yüksələn komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb. O, müsabiqədə iştirak edən tələbələrin gələcəkdə peşəkar
hüquqşünaslar kimi formalaşaraq ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında
və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol
oynayacaqlarına inandığını bildirib. Çingiz Əsgərov əlavə edib ki, gənclərin
inkişafına töhfə verən bu cür layihələr hər zaman Ali Məhkəmə tərəfindən dəstəklənib
və bundan sonra da dəstəklənəcək.
Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxışında vurğulayıb
ki, “DİVAN” Milli Məhkəmə Simulyasiyası gənclərin intellektual inkişafına, peşəkar
bacarıqlarının artırılmasına, hüquqi savadlılığın yüksəldilməsinə və cəmiyyətə
faydalı fərdlər kimi formalaşmalarına dəstək vermək məqsədilə həyata keçirilir.
O, bu cür tədbirlərin gənclərin hüquq sahəsindəki bilik və bacarıqlarını
praktik müstəviyə keçirmələrinə, onların hüquqi düşüncə tərzinin formalaşmasına
və qanunun aliliyinə hörmət ruhunun
aşılanmasına xidmət etdiyini qeyd edib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, vəkil İsmayıl
Kəngərli çıxışında bildirib ki, “DİVAN” Milli Məhkəmə Simulyasiyası hüquqşünas
tələbələrin nəzəri və praktiki biliklərini artırmaq, onların natiqlik,
detallarla işləmə, sübutetmə və inandırma kimi bacarıqlarını inkişaf etdirmək
üçün əhəmiyyətli bir platformadır. O, müsabiqənin Mülki, Cinayət, İnzibati və
Kommersiya istiqamətləri üzrə həyata keçirildiyini və gənc hüquqşünasların peşəkar
kadr kimi formalaşmasında böyük rol oynadığını vurğulayaraq, Vəkillər
Kollegiyasının gənclərin inkişafına hər zaman dəstək olmağa hazır olduğunu qeyd
edib.
Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxışında
bildirib ki, “DİVAN” Milli Məhkəmə Simulyasiyası gənc hüquqşünasların nəzəri
biliklərini praktik bacarıqlarla birləşdirməsinə, məhkəmə proseslərinin mahiyyətini
daha dərindən qavramalarına mühüm töhfə verir. O, bu cür təşəbbüslərin tələbələrin
peşəkar hüquqşünas kimi formalaşmasında, gələcəkdə isə ədalətin təminində fəal
iştirak etmələrində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Layihəyə dəstək göstərən hakim və təlimçilər isə “Femida Könüllüləri” Təşkilatının
sədri Nilgün Məmmədova tərəfindən təşəkkürnamələrlə təltif ediliblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, mərasimdə VK-nın üzvü, vəkil İsmayıl Kəngərli ilə yanaşı, Kollegiya Aparatının İnsan resursları şöbəsinin müdiri Əli Mirzəyev də iştirak edib. Təltif edilənlər sırasında Əli Mirzəyev də yer alıb.