Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Gəncə Şəhər
İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor
müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin
üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər.
Rəsmi mərasimdən əvvəl
iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərində yerləşən Heydər Əliyev
park-kompleksində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri
qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyinə
gedən qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və
eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti
haqqında qonaqlara ətraflı məlumat verilib.
Daha sonra binanın rəsmi
açılış mərasimi olub və vəkillərlə görüş keçirilib.
Tədbirdə ARVK-nın sədri
Anar Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında aparılan təmir-bərpa
işləri barədə ümumi məlumat verib. Bildirib ki, bina Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının
icrası çərçivəsində Gəncə şəhərində vəkil qurumunun fəaliyyətini təmin etmək məqsədilə
Kollegiyanın balansına verilib.
Qeyd olunub ki, əvvəllər
Gəncə Şəhər Prokurorluğunun inzibati binası olmuş, Gəncə şəhəri, Nizami rayonu,
Həsən Əliyev küçəsi 49 ünvanında yerləşən, ümumi sahəsi 1052,58 kv.m olan,
955,85 kv.m torpaq sahəsində yerləşən inzibati bina Nazirlər Kabinetinin 9
aprel 2019-cu il tarixli qərarı ilə ARVK-nın əvəzsiz istifadəsinə verilib. Bir
mərtəbəsi zirzəmi, 3 mərtəbəli inzibati binadan ibarət olan büro ARVK-nın öz
maddi vəsaiti hesabına əsaslı təmir olunub, müasir tələblərə uyğunlaşdırılıb, zəruri
avadanlıq və infrastrukturlarla tam təchiz edilib. İnzibati binanın bir hissəsi
isə tarixi mədəniyyət abidəsidir. Həmin hissə də Mədəniyyət Nazirliyinin rəyi əsasında
XIX əsrin Gəncə memarlıq üslubu qorunmaqla bərpa olunub. Gəncə Regional Vəkil
Bürosunun təmir-bərpa prosesinə isə 2023-cü ilin oktyabr ayında başlanılıb və
işlər mərhələli şəkildə həyata keçirilib.
45 vəkil və digər şəxslərin
fəaliyyət göstərəcəyi yeni inzibati binada rəhbər otağı, 18 vəkil otağı,
konfidensial görüş otağı, qəbul otaqları, texniki otaqlar, akt zalı, muzey, dəftərxana,
arxiv, 2 mətbəx,yeməkxana, qarderob və sanitar qovşaqları mövcuddur. Eyni
zamanda vətəndaşların və vəkillərin rahatlığını təmin etmək üçün büroda bütün
lazımi şərait yaradılıb, yüksək səviyyəli texniki təchizat – UPS sistemləri,
yanmayan kabellər, müasir yanğın siqnalizasiya avadanlıqları quraşdırılıb. Yeni
bina vəkillərin peşəkar fəaliyyətini daha da səmərəli təşkil etmək üçün əlverişli,
konfidensial, komfortlu və təhlükəsiz iş mühiti ilə təmin olunub.
Görüş zamanı çıxış edən
Gəncə ŞİH-in başçısı Niyazi Bayramov mərasim iştirakçılarını salamlayıb, Gəncə
Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə
bütün vəkilləri təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Şəhər rəhbəri Gəncədə müasir vəkil qurumunun yaradılmasını yüksək qiymətləndirərək
bildirib ki, bu təşəbbüs vəkillərin fəaliyyətinə yeni imkanlar açmaqla yanaşı,
vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini də artıracaq. O, ARVK-nın
bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü işləri təqdirəlayiq hesab
etdiyini vurğulayıb.
İcra başçısı söyləyib
ki, ölkədə hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyininartırılması
və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi dövlət siyasətinin əsas
prioritetlərindəndir. Bu istiqamətdə regionlarda hüquqi xidmətlərin keyfiyyətli
və əlçatan şəkildə təşkil olunması xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider
Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi islahatlar məhz insan hüquq və
azadlıqlarının təmininə, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının
genişləndirilməsinə xidmət edib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə
bu siyasət uğurla davam etdirilir, məhkəmə-hüquq islahatları, vəkillik
institutlarının müasirləşdirilməsi, yenilənməsi və regionlarda hüquqi yardımın
inkişafı istiqamətində mühüm addımlar atılır.
Azərbaycan Respublikası
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor
müdiri Otari Qvaladze isə çıxışında son illər ölkəmizdə vəkillik institutunun
inkişafı istiqamətində mühüm islahatlar həyata keçirildiyini, bu sahəyə dövlət
tərəfindən xüsusi diqqət və qayğının göstərildiyini bildirib. Nəticədə vəkilliyin
nüfuzu əhəmiyyətli dərəcədə artıb, maddi-texniki təminatı yaxşılaşdırılıb,
regionlarda hüquqi yardımın əlçatanlığı genişlənib.
Həmçinin Otari Qvaladze
vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22
fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Sərəncamı vəkilliyin institusional əsaslarını
möhkəmləndirib, bu sahənin inkişafına mühüm təkan verib. Qeyd edilib ki, vəkillik
təsisatının, o cümlədən regionlarda vəkil qurumlarının inkişafı və hüquqi
yardıma çıxış imkanlarının genişləndirilməsi hüquqislahatlarının tərkib hissəsidir.
Daha sonra Kollegiyanın
sədri Anar Bağırov çıxış edərək ARVK-nın son illərdə həyata keçirdiyi əsas fəaliyyət
istiqamətləri barədə məlumat verib, ölkəmizdə vəkillik institutunun davamlı
inkişaf etdiyini, vəkillərin sayının getdikcə artdığını və bu sahədə mühüm
islahatların aparıldığını vurğulayıb.
Gəncə Regional Vəkil
Bürosunun fəaliyyəti, göstəriləcək hüquqi xidmətlər və regional hüquqi yardıma əlçatanlığın
artırılması istiqamətində aparılacaq işlər barədə danışan sədr ölkə üzrə əksər
vəkil qurumlarının beynəlxalq standartlara cavab verdiyini və vətəndaşların
yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şəraitin yaradıldığını dilə
gətirib.
Eyni zamanda Anar
Bağırov diqqətə çatdırıb ki, respublika ərazisindəki vəkil qurumlarının
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlər aparılır.
Bu məsələyə Kollegiya tərəfindən xüsusi önəm verilir və sistemli yanaşma tətbiq
olunur. ARVK-nın sədri çıxışının davamında ölkə üzrə 138 Vəkil Bürosunun fəaliyyət
göstərdiyini söyləyərək bildirilib ki, bu qurumlar respublikada hüquqi xidmətlərin
əlçatanlığının artırılmasınamühüm töhfə verir. Anar Bağırov əlavə edib ki,
hazırda Bakı şəhərində yerləşən “Vəkil evi” kompleksində müasir tələblərə uyğun
şəkildə təmir işləri aparılır. Təmir işlərinin cari ilin sonunadək başa
çatdırılması planlaşdırılır.
Sədr vurğulayıb ki,
demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə məhkəmə-hüquq sahəsində
həyata keçirilən islahatların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulub. Ulu Öndərin hüquqi dövlətin formalaşdırılması, insan hüquq və
azadlıqlarının təmin olunması, məhkəmə və vəkillik institutlarının möhkəmləndirilməsi
istiqamətində atdığı addımlar bu sahədə möhkəm təməl yaradıb. Bu strateji kurs
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub,
hüquqi sistemin müasirləşdirilməsi, şəffaflığın artırılması, ədalətə çıxış
imkanlarının genişləndirilməsi və regionlarda hüquqi xidmətlərin əlçatanlığının
təmin olunması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Vəkillik
institutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun davamlı inkişafı
dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.
Anar Bağırov xüsusilə
vurğulayıb ki, Prezident cənab İlham Əliyevin vəkilliyin inkişafına dair
verdiyi tapşırıqlar, imzaladığı Fərman və Sərəncam bu istiqamətdə mühüm dönüş
nöqtəsi olub. Məhz dövlət başçısının dəstəyi nəticəsində ölkədə vəkillik peşəsinin
nüfuzu artıb, vəkillərin fəaliyyəti üçün daha əlverişli şərait yaradılıb. Yeni
inzibati binaların istifadəyə verilməsi, regionlarda vəkil qurumlarının
yaradılması vətəndaşların hüquqi yardıma çıxış imkanlarını əhəmiyyətli dərəcədə
artırır.
Tədbirdə Kollegiyanın
üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov
çıxış edərək Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə
verilməsini yüksək dəyərləndirib. O, bütün vəkilləri bu əlamətdar hadisə
münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara gələcək peşəkar fəaliyyətlərində
uğurlar arzulayıb. İkram Kərimov çıxışında vəkilliyin cəmiyyətdəki roluna
toxunaraq, hüquqi dövlətdə vəkillərin məsuliyyətinin daha da artdığını bildirib
və bu yolda vəkillərə öz xeyir-duasını verib.
Eyni zamanda görüşdə “M.D.M”
MMC-nin direktoru və baş memarı Vüqar Həsənov və Türkiyənin İzmir Barosunun vəkilləri
Forough Amirabedinlə Afhan Topel də çıxış edərək yeni inzibati binada
yaradılmış müasir və funksional şəraitdən məmnunluqlarını ifadə ediblər.
Həmçinin görüş çərçivəsində ARVK-nın sədri Anar Bağırov Gəncə ŞİH-in başçısı Niyazi Bayramovu vəkilliyə verdiyi xüsusi töhfəyə görə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mərasim çərçivəsində iştirakçılar inzibati binada ARVK-nın üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi və atributların sərgisi ilə tanış olublar.