“Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq
mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri
Anar Bağırov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,
Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və digər rəsmi qonaqlar
iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Gəncə Regional Vəkil Bürosunun yeni
inzibati binası ilə tanış olublar. Qonaqlara binada yaradılmış müasir iş şəraiti,
texniki təminat və hüquqi xidmət imkanları barədə ətraflı məlumat verilib. Eyni
zamanda iştirakçılar inzibati binada ARVK-nın üzvü, “Kamandar Nəsibov və
partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında
yer alan, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim
cübbəsi və atributların sərgisi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb. Ardınca Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Daha sonra ARVK-nın 2024-cü ildəki fəaliyyəti barədə, o cümlədən Gəncə
Regional Vəkil Bürosunun inzibati binasının təmir-bərpa prosesi ilə bağlı
hazırlanan videoçarx nümayiş etdirilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov
qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb, Ulu Öndər Heydər
Əliyevin dövlət quruculuğunda və hüquqi islahatların təşəkkülündə oynadığı
mühüm roldan bəhs edib.
Sədr söyləyib ki, Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının
açılışı və “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfrans
ölkəmizin hüquq sisteminin inkişafı və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsibaxımından
mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq vurğulanıb ki, tədbir müasir Azərbaycan
dövlətinin qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin 102-ci doğum günü
ərəfəsində keçirilir. Bu, təkcə simvolik yox, həm də ideoloji və mənəvi
baxımdan olduqca mühümdür. Çünki bugünkü uğurlarımızın, hüquqi dövlət
quruculuğunun təməlində məhz Ümummilli Liderin düşünülmüş və uzaqgörən siyasəti
dayanır.
Heydər Əliyevin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə
qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik
kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulub, ölkəmizdə
insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində
bir sıra mühüm addımlar atılıb.
1995-ci ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının
Konstitusiyanın qəbul olunduğunudiqqətə çatdıran Anar Bağırov bildirib ki, vətəndaşların
keyfiyyətli hüquqi yardım almaq hüququ ana qanunumuzda öz əksini tapmışdır.
Sədr qeyd edib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi
formalaşmasının bilavasitə Ümummilli Liderin adı ilə bağlı olması danılmaz
faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini
tapmışdır. Bununla da vəkilliyə yüksək konstitusion status verilib. Bütün bu fəaliyyətin
məntiqi davamı olaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr
1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb, Azərbaycan
tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı
olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul olunan prosessual
qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu
peşə birliyinə çevrilib. Heydər Əliyevin əsas olaraq müəyyən etdiyi fəaliyyət
istiqamətləri Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən daha da sürətləndirilib,
beynəlxalq münasibətlərin inkişafı tam təmin edilib. Qeyd olunduğu kimi, məhkəmə-hüquq
sahəsində də əsası Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi islahatlar
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Anar Bağırov bildirib ki, bu islahatların dərinləşməsi, o cümlədən vəkillik
təsisatının gücləndirilməsi ölkə rəhbərliyinin Azərbaycan vəkilliyinə diqqət və
qayğısının bariz nümunəsidir. Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci
il fevralın 22-də imzaladığı Sərəncam bu sahədə atılan vacib addımlardan
biridir. Sərəncamın icrası məqsədilə Gəncə şəhərində vəkil qurumunun fəaliyyətinin
təmin edilməsi məqsədilə ARVK-nınbalansına tarixi inzibati bina ayrılıb. Bu,
dövlətin vəkillik institutuna olan diqqət və etimadının bariz nümunəsidir.
Gəncə Regional Vəkil Bürosunun sayca 5-ci regional vəkil qurumu olduğunu
deyən sədr söyləyib ki, ARVK tərəfindən həmin bina tarixiliyi tam qorunub
saxlanılmaqla əsaslı təmir edilib, Kollegiyanın tam maddi vəsaiti hesabına
müasir standartlara uyğun şəkildə yenilənib, habelə zəruri texniki
avadanlıqlarla təmin olunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə
orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze isə qeyd edib ki, Azərbaycanın
xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış Konstitusiya
Azərbaycanda dünyəvi, hüquqi dövlət quruculuğu prosesinin hüquqi əsasını təşkil
edib.
O bildirib ki, Ulu Öndərin başladığı və Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün sahələrdə böyük
uğurlar əldə olunmuş, ən əsası Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın
suverenliyi tam bərpa edilib. Azərbaycanda
hüquq təsisatlarının, o cümlədən vəkillik təsisatının inkişafı və möhkəmləndirməsi
də bu siyasətin nəticələrindən biridir. Sözsüz ki, Vəkillər Kollegiyasının rəhbərliyinin,
vəkillərin səmərəli fəaliyyəti də qeyd olunmalıdır.
Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli isə çıxışında bildirib
ki, ölkəmizin bütün istiqamətlərdə, o cümlədən hüquqi dövlət quruculuğu istiqamətində
inkişaf strategiyasının təməlini qoyan Ümummilli Lider Heydər Əliyev həmin
prosesin əsas tərkib hissəsi kimi hüquqi sahədə geniş islahatlar prosesini
başladıb.
O qeyd edib ki, müstəqilliyini yeni bərpa etmiş bir dövlət üçün hüquqi
islahatların aparılması nə qədər vacib idisə, həmin islahatları şərtləndirən,
onların təməl prinsiplərini özündə əks etdirən və ümumilikdə islahat prosesinin
gələcək yol xəritəsini müəyyənləşdirən Konstitusiyanın qəbulu da, bir o qədər
vacib idi. Bu prinsipi rəhbər tutan Ulu Öndər bütün çətinliklərə və maneələrə
baxmayaraq müstəqil Azərbaycanın tarixində ilk Konstitusiyanın qəbul edilməsi
kimi, çox mürəkkəb və bir o qədər də əhəmiyyətli prosesi 1995-ci ildə uğurla
başa çatdırdı.
Məhkəmə sədri vurğulayıb ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş məhkəmə hüquq sisteminın təkmilləşdirilməsi prosesi bu gün ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməkdədir.
Sonra mərasimdə Gəncə şəhər prokuroru Rauf Gözəlov çıxış edərək söyləyib
ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanıb və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul
edilib. O diqqətə çatdırıb ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq
ideologiyasına söykənərək yaradılan ilk Konstitusiyanın da banisi hesab olunur.
Şəhər prokuroru əlavə edib ki, Konstitusiyanın qəbulu müstəqillik
tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ümummilli
Liderin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik
inkişafa təminat yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza
rolunu oynayan mütərəqqi bir sənəddir.
Rauf Gözəlov eyni zamanda qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən
həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və
sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə müstəqilliyimizin
daha da möhkəmləndirilməsini təmin edib. Ölkəmizin bilavasitə təşəbbüsü və
iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə
Azərbaycanın, eyni zamanda regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz
mühüm və əvəzsiz töhfəsini verir.
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev isə çıxışında qeyd
edib ki, Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi
Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və siyasi uzaqgörənliyi nəticəsində
mümkün olub. Məhz 1994-cü ildə Ulu Öndərin sədrliyi ilə Konstitusiya
komissiyası işə başlayıb və layihə ümumxalq müzakirəsinə verilib. 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi referendum yolu ilə müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası qəbul olunub. Konstitusiyanın qəbulu Azərbaycanın
müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən
biridir.
İdarə rəisi bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici
siyasət kursunun müvəffəqiyyətlə inkişaf etdirilməsinin və aparılan məqsədyönlü
islahatların məntiqi nəticəsi olaraq daxili işlər orqanlarının və Daxili
Qoşunların əməliyyat-xidməti fəaliyyəti daha da təkmilləşib, maddi-texniki
bazası modernlənib, möhkəm nizam-intizama malik şəxsi heyət üzərinə düşən bütün
vəzifələrin öhdəsindən gəlib.
Həmçinin Teymur Hacıyev xatırladıb ki, ARVK ilə daxili işlar orqanları
arasında olan münasibətlər çox yüksək səviyyədə təşkil olunub, DİN-in Polis
Akademiyası ilə Kollegiya arasında birgə əməkdaşlıq haqqında Anlaşma
Memorandumu imzalanıb.
Mərasimdə Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər İdarəsinin rəisi Rəşad
İsrafilzadə çıxışı zamanı vurğulayıb ki, dünyada insan üçün azadlıqdan, dövlət
üçün isə müstəqillikdən dəyərli heç nə yoxdur. Müstəqil dövlətin azad vətəndaşı
olmaq isə heç də bütün insanlara qismət olmayan ən böyük xoşbəxtlikdir. Xalqın ən
ali hüququ isə suverenlik hüquqdur. Bu hüquq xalqa verilmir, xalq özü onu
mübarizələrin və bu yolda verdiyi qurbanların sayəsində əldə edir. Xalq öz
suveren hüququndan istifadə edərək öz taleyinə sahib çıxır. Xalqımıza bəxş
olunan bu xoşbəxtliyin müəllifi tariximizin Ümummilli Lideri Heydər Əliyevdir.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyev daim xalqının mənafeyi naminə
çalışıb, milli ruhlu, vətənpərvər insanları repressiyalardan qoruyub, təhlükəsizlik
orqanlarının milliləşdirilməsinə çalışıb.
O nəzərə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında
xidmət etdiyi müddətdə yüksək professionallığı, fenomenal idarəçilik və təşkilatçılıq
qabiliyyəti, cəsarəti, qeyri-adi yaddaşı ilə bütün rəhbər və sıravi əməliyyat
heyətinin dərin rəğbətini qazanmışdır. Ümummilli Lider DTK-da yüksək vəzifələrdə
olduğu illər ərzində də əməliyyat tədbirlərinin, çoxgedişli əməliyyat
oyunlarının və kombinasiyalarının işlənib hazırlanmasında, həyata keçirilməsində
şəxsən iştirak edib.
Tədbirdə Ədliyyə Nazirliyinin Gəncə regional ədliyyə idarəsinin rəisi
İlkin Nəcəfov isə çıxışında bildirib ki, bu il həm də dövlət başçısının
imzaladığı Sərəncama əsasən “Konstitusiya və Suverenlik İli” çərçivəsində həm
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu
ildönümünü, həm də Vətən müharibəsində qələbənin 5-ci ildönümü qeyd edilir.
İdarə rəisi söyləyib ki, cənab Prezidentin imzaladığı Sərəncamda
vurğulandığı kimi, Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında
Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün
qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib.
İlkin Nəcəfov nəzərə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün olub. Bu məqsədlə
Ulu Öndərin bilavasitə sədrliyi ilə yaratdığı Konstitusiya layihəsini
hazırlayan Komissiyanın o dövrdə gördüyü işlərə, gərgin fəaliyyətinə nəzər
yetirəndə bir daha şahidi oluruq ki, Ümummilli Lider konstitusiya layihəsinin
hazırlanmas ilə nə dərəcədə ciddi və məsuliyyətlə məşğul olub, onun hər bir
müddəasını şəxsən nəzərdən keçirib.
İlkin Nəcəfov qeyd edib ki, Konstitusiyanın qəbulundan sonra həyata
keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində onun ayrılmaz tərkib hissəsi
olan və konstitusion prinsiplərə söykənən vəkillik institutu da yeni keyfiyyətdə
inkişaf etməyə başlayıb. Belə ki, vəkillik institutu demokratik əsaslarla yenidən
qurulub, bəzi ölkələrdə hələ də dövlət orqanlarının tərkibində və ya nəzarəti
altında fəaliyyət göstərən vəkillik xidməti tam müstəqil təsisata çevrilib.
O çıxışının davamında vurğulayıb ki, Vəkillər Kollegiyasının fəaliyyətinin
və infrastrukturunun günbəgün müasirləşməsi, o cümlədən regional vəkil
bürolarının yaradılması, hüquqi yardımın təşkili üçün digər mütərəqqi addımlar
olduqca sevindiricidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit
edilən və dövlətin mühüm öhdəliyi olan yüksək keyfiyyətli və peşəkar hüquqi
yardım göstərilməsi kimi şərəfli missiya məhz Vəkillər Kollegiyası tərəfindən
uğurla həyata keçirilir.
Mərasimdə ARVK-nın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar
hüquqşünası İkram Kərimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb,
konfransın işinə uğurlar diləyib. Tədbirin mövzusunun dərin mənəvi və hüquqi əhəmiyyətini
vurğulayan əməkdar hüquqşünas uzunillik peşə fəaliyyəti dövründə qazandığı zəngin
təcrübədən bəhs edərək tövsiyələrini, habelə xatirələrini bölüşüb.
O, hüquqşünas adının daşıdığı məsuliyyətin böyüklüyünü, qanunun
aliliyinin və vətəndaşların hüquqlarının müdafiəsinin hər bir vəkilin başlıca vəzifəsi
olduğunu qeyd edib. Eyni zamanda İkram Kərimov vəkilliyin inkişafına dövlət tərəfindən
göstərilən diqqət və qayğının əhəmiyyətini xüsusi vurğulayıb. Respublikanın əməkdar
hüquqşünasının sözlərinə görə, xoşbəxt adamam ki, onun Prezident cənab İlham
Əliyev kimi bir lideri var.
Eyni zamanda mərasim çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ARVK-nın sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvləri, Kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünas İkram Kərimov, hüquq-mühafizə orqanlarının rəhbərləri və vəkillər Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət edib. Burada görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.