Azərbaycan Respublikası Prezidentinin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən aztəminatlı və həssas əhali qruplarına yönəlmiş sosial hüquqi aksiyalar davam etdirilir.
Mayın 13-də ARVK-nın və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı
ilə Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
Aksiyanın əsas məqsədi regionlarda əhalinin hüquqi maarifləndirilməsi,
hüquq məsləhətlərinin əlçatanlığının artırılması və hüquqların müdafiəsinə dair
institusional dəstəyin gücləndirilməsi olub.
Zərdab rayonunun Heydər Əliyev Mərkəzində keçirilən aksiya zamanı “Mirzəyev
və Partnyorları” Vəkil Bürosunun təcrübəli vəkilləri tərəfindən sakinlərin
hüquqi müraciətləri dinlənilib, fərdi qaydada qəbul təşkil olunub. Vətəndaşlar
ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər
hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin ediliblər.
Vəkillər tərəfindən vətəndaşlara hüquqlarının müdafiəsi yolları, mövcud
qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, həmçinin
onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.
Pulsuz hüquqi yardım aksiyası çərçivəsində iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Kollegiyanın rəhbərliyinə, eləcə də Zərdab RİH-ə minnətdarlıqlarını ifadə ediblər.