14 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində
Azərbaycan Respublikasının Gənclər Fondunun və “Femida Könüllüləri” Təşkilatının
birgə təşkilatçılığı, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Bakı Dövlət
Universiteti Hüquq fakültəsinin və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı
ilə ümumrespublika gəncləri arasında “Legal Ring” intellektual yarışı
keçirilib.
İlkin mərhələ, 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olan
bu yarışın əsas məqsədi gənclərin hüquqi düşüncə tərzinin inkişafına töhfə vermək,
Konstitusiya və milli qanunvericilik sahəsində maarifləndirməni təşviq etmək,
eləcə də iştirakçıların analitik və tənqidi təhlil bacarıqlarını gücləndirməkdir.
Bakı Konqres Mərkəzində baş tutan tədbirdə Gənclər Fondunun icraçı
direktor vəzifəsini icra edən Qədir Xəlilov, Vəkillər Kollegiyası Akademiyasının
rektoru Əmir Əliyev, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur
Əliyev, “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova, eləcə də gənc
hüquqşünas tələbələr iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov tədbirin
açılışında çıxış edərək bildirib ki, “Legal Ring” kimi intellektual yarışlar
hüquq sahəsində təhsil alan gənclərin biliklərini daha da dərinləşdirməyə və
onları konstitusiya dəyərləri əsasında yetişdirməyə xidmət edir. O qeyd edib
ki, gənclərin hüquqi maariflənməsi hüquqi mədəniyyətin formalaşmasında mühüm
rol oynayır və bu layihə gənc hüquqşünasların cəmiyyətə faydalı mütəxəssis kimi
yetişməsi yolunda əhəmiyyətli bir platformadır.
Vəkillər Kollegiyası Akademiyasının rektoru professor Əmir Əliyev
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və çıxışında
bu cür intellektual yarışların hüquq təhsili sistemində mühüm rol oynadığını, o
cümlədən hüquq tələbələrinin məntiqi düşünmə, qərarvermə və komanda şəklində
işləmə bacarıqları məhz bu tip yarışlar vasitəsilə inkişaf etdirilə biləcəyini
qeyd edib. Bildirilib ki, “Legal Ring” hüquqi biliklərin sadəcə nəzəri şəkildə
deyil, məntiqi və strateji müstəvidə də tətbiqinə imkan yaradır və bu, gələcəyin
peşəkar hüquqşünaslarının formalaşmasına birbaşa təsir göstərir.
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev isə
çıxışında universitetin tələbələrinin bu yarışda iştirak etməsinin onların
hüquqi dünyagörüşünə və ümumi inkişafına müsbət təsir etdiyini qeyd edib. O deyib
ki, hüquqi savadlılıq təkcə peşəkar fəaliyyət üçün deyil, vətəndaşlıq mövqeyi
baxımından da zəruri elementdir. Zaur Əliyev vurğulayıb ki, tələbələrin bu cür
intellektual meydanlarda biliklərini sınaması onların tədrisdə motivasiyasını artırır
və hüquq elminə maraqlarını gücləndirir.
“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışında “Legal
Ring” layihəsinin gənclərin hüquqi biliklərinin inkişafı baxımından xüsusi əhəmiyyət
daşıdığını qeyd edib. O, yarışmanın yalnız biliklərin yoxlanılması məqsədi
daşımadığını, eyni zamanda iştirakçıların strateji düşünmə, komanda ruhu və
operativ qərarvermə bacarıqlarının formalaşdırılması baxımından önəmli bir
platforma olduğunu bildirib. O, “Femida Könüllüləri” Təşkilatının hüquqi maarifləndirmə
sahəsində təşəbbüskar fəaliyyətini davam etdirəcəyini və gənclərlə bağlı layihələrdə
bu kimi innovativ formatlara üstünlük veriləcəyini vurğulayıb.
Daha sonra tədbirin ümumi ruhuna milli dəyərlərimizi və zəngin mədəni
irsimizi aşılamaq məqsədilə qonaqlar və iştirakçılar üçün bədii hissə təqdim
olunub.
Tədbirin rəsmi hissəsinin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, tədbirdə Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir
Əliyevlə yanaşı, Kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov və Vəkillər
Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli də iştirak edib.