12-15 may tarixlərində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Akademiya arasında əməkdaşlıq çərçivəsində distant formada təlimlər keçirilib.
Belə ki, mayın 12-də “Vəkilin öz vəzifələrinə hörmət və şərəflə
yanaşması” mövzusunda təşkil edilən təlimdə Vəkillərin İntizam Komissiyasının və
Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin Əliyev vəkilin peşə
etikası, hüquqi davranış qaydaları, vəkillikdə şəxsi məsuliyyət, vəkilin
vicdanlı fəaliyyəti və digər əlaqəli məsələlər barədə çıxış edib.
Mayın 13-də isə “Vəkillərin davranışının əsas prinsipləri” mövzusunda
keçirilən təlimdə Vəkillərin İntizam Komissiyasının üzvü, “Kredo” Vəkil
Bürosunun müdiri Elvin Səlimov tərəfindən vəkilin davranış prinsipləri, etik
normalar, hüquqi etik standartlar və digər müxtəlif məsələlər üzrə müzakirələr
aparılıb.
"Deontologiya həftəsi" çərçivəsində keçirilən növbəti təlimdə Vəkillərin
İntizam Komissiyasının üzvü Ələskər Hüseynli “Vəkilin davranış qaydalarını dəstəkləməsi”
mövzusunda çıxış edərək hüquqi xidmətin keyfiyyəti, vəkilin vəzifə öhdəliklərinə
məsuliyyətlə yanaşması, dürüstlük, o cümlədən obyektivlik və digər məsələlər
haqqında məlumat verib.
Mayın 15-də həftə çərçivəsində “Vəkilin cəmiyyətin vəkilliyə olan inamını
saxlaması və artırması üçün lazımı səy göstərməsi” mövzusunda keçirilən sonuncu
distant təlimdə isə Vəkillərin İntizam Komissiyasının üzvü, “Mərkəz” Vəkil
Bürosunun müdiri Gülşən Salmanova vəkilin ictimai etimadı, hüquqi maarifləndirmə,
vəkilin cəmiyyətdə rolu, nümunəvi davranış qaydaları və müxtəlif əlaqəli məsələlər
barədə müzakirələr aparıb.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 176 vəkil iştirak edib.