Vəkillər Kollegiyasının (VK) sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən keçirilən Milli Biznesin İnkişafı Forumunda iştirak edib.
Tədbirdə çıxış edən Şahmar Məmmədov iştirakçıları Kollegiyanın sədri Anar
Bağırovun adından salamlayıb, Forumun xüsusi sessiyasının işinə uğurlar
arzulayıb.
Sədr müavini çıxışında qeyd edib ki, sahibkarlığın inkişafı və əlverişli
biznes mühitinin formalaşması ölkənin iqtisadi qüdrətinin artırılması və
insanların rifahının yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan
Konstitusiyasında hər bir vətəndaşın sərbəst şəkildə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq hüququ təsbit olunub və bu hüquq dövlət tərəfindən təmin edilir.
Şahmar Məmmədov bildirib ki, son illərdə sahibkarların vəkillər tərəfindən
göstərilən hüquqi yardıma marağı artıb. Əvvəllər vəkillərə daha çox problem
yarandıqdan sonra müraciət edilirdisə, bu gün bir çox sahibkar fəaliyyətə
başlamazdan öncə hüquqi əsasları məhz vəkillərlə birgə qurur. Bu cür yanaşma
biznes mühitinin daha da yaxşılaşmasında, sahibkarlığın inkişafında mühüm rol
oynayır.
Sədr müavini həmçinin vurğulayıb ki, VK bu sahədə ardıcıl işlər görür. Vəkilliyə
namizədlərə keçirilən icbari təlimlərdə, vəkillərin davamlı tədrisində biznes
hüququ və sahibkarlıq fəaliyyəti ilə bağlı mövzulara kifayət qədər yer ayrılır
ki, bu da onların nəzəri və təcrübi biliklərinin artırılmasına öz töhfəsini
verir. Eyni zamanda Şahmar Məmmədov çıxışında VK-nın Biznes Hüququ Komitəsinin
bu sahədə göstərdiyi fəaliyyətindən və rolundan danışıb.
Sonda Şahmar Məmmədov sahibkarları vəkillərlə sıx əməkdaşlığa dəvət edərək,
onları hüquqi yardımlardan daha aktiv şəkildə faydalanmağa çağırıb.
Qeyd edək ki, B2G formatında təşkil olunan Milli Biznesin İnkişafı Forumunun əsas məqsədi hökumət və biznes arasında dialoqu inkişaf etdirmək, kommunikasiyanı genişləndirmək, sahibkarların təklifləri, sualları və onları narahat edən mövzuları müzakirə edərək həll yollarını tapmaqdır.