Mayın 23-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
ARVK-nın inzibati binasında təşkil olunan görüşdə Kollegiyanın sədri Anar
Bağırov çıxış edərək vəkil köməkçilərini yeni fəaliyyət mərhələsinə qədəm
qoymaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Çıxışında sədr vəkil köməkçiliyinin vəkilliyə gedən yolda mühüm pillə
olduğunu qeyd edərək, bu mərhələnin peşəkar vəkillərin yetişməsində xüsusi rol
oynadığını vurğulayıb. Anar Bağırov bildirib ki, hüquq sisteminin möhkəmlənməsində
və cəmiyyətin hüquqi maariflənməsində vəkillər mühüm rol oynayır, bu sahədə savadlı
və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac var.
Eyni zamanda sədr diqqətə çatdırıb ki, bu gün ARVK sıralarında 2600-dən
artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir. Bu rəqəmlər
Kollegiyanın fəaliyyət miqyasının genişliyini və hüquqi xidmətə olan yüksək tələbatı
bir daha göstərir.
Anar Bağırov ARVK tərəfindən vəkil köməkçilərinin peşə hazırlığının
artırılmasına daim xüsusi önəm verildiyini vurğulayıb, onları fəal olmağa, təcrübəli
vəkillərdən öyrənməyə, təşəbbüskar yanaşma nümayiş etdirməyə və daim biliklərini
artırmağa çağırıb.
Həmçinin görüş zamanı sədr ARVK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il
tarixli qərarına əsasən vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas
imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştin əhəmiyyətindən bəhs
edib.
Sonda vəkil köməkçilərinin sualları cavablandırılıb, onlara vəsiqələr təqdim olunub.