Məlum olduğu kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2018-ci il fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər keçirilməkdədir. Bu təlimlərin davamı olaraq 12.10.2018-ci il və 19.10.2018-ci il tarixlərdə yeni seçilmiş vəkillər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilmişdir. “Baku Winter Park” otelində baş tutan seminarlarda Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə yeni qəbul olunmuş 40 vəkil iştirak etmişdir.
Qeyd edək ki, ekspert qismində inzibati hüquq üzrə təlimçilərdən olan Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usub tərəfindən aparılan seminarda “Mübahisələndirmə barədə iddia və onun yoxlanılması”, “İnzibati prosesdə məcburetmə barədə iddia və onun yoxlanılması” və s. mövzular tədris olunmuş və bu mövzular üzrə fikir mübadiləsi aparılmışdır.
Gələcəkdə bu kimi silsilə tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.