Mayın 24-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan Respublikası ilə bağlı qərarları" mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının
rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun
adından salamlayıb və mövzunun aktuallığı ilə bağlı xüsusi məqamları qeyd edərək,
presedent hüququnun hüquqi təbiəti və qəbul edilmiş qərarlar barədə ümumi məlumat
verib.
Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim
olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “İsmayılbəyli və
Partnyorları” Vəkil Bürosunun müdiri Sevinc Əliyeva Avropa İnsan Hüquqları Məhkəməsinin
Azərbaycan Respublikası ilə bağlı müxtəlif qərarlarını müzakirə edərək, mövcud
sahədə hüquqi müdafiə vasitələri, məhkəmə islahatları, hüquq pozuntularının
qiymətləndirilməsi və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.
Sonda vəkillərin müvafiq sahədə müxtəlif sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə ümumilikdə Vəkillər Kollegiyasının 67 üzvü iştirak edib.