Mayın 24-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Birinci instansiya məhkəmə icraatı" mövzusunda əyani qaydada təlim təşkil edilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının
elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından
salamlayıb və layihənin gənc hüquqşünaslar üçün praktiki əhəmiyyətindən
danışıb.
Eyni zamanda “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti
iştirakçıların diqqətinə çatdırılıb, gənc hüquqşünaslar jurnalda məqalələrlə
çıxış etməyə dəvət edilib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil
Bürosunun vəkili, "CSS Konsaltinq" şirkətinin rəhbəri Nuridə
İbrahimova və Vəkillər Kollegiyasının üzvü, “Union” Vəkil Bürosunun vəkili,
"CSS Konsaltinq" şirkətinin aparıcı hüquqşünası Səma Əhmədova məhkəməyəqədər
edilməli olan hərəkətlər, aidiyyət məsələləri, iddia ərizəsinin hazırlanması və
ona əlavə edilməli sübutlar, hazırlıq iclası,
o cümlədən digər əlaqəli praktiki məsələlər barədə çıxış edib.
Sonda müvafiq mövzu üzrə gənc hüquqşünasları maraqlandıran suallar
cavablandırılıb.
Qeyd edək ki, təlimdə 18 gənc hüquqşünas iştirak edib.