Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdış” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, tədbirin əsas
məqsədi məcburi köçkünlərin hüquq və azadlıqlarının təbliği, hüquqi biliklərinin
artırılması, bu sahədə həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə
çatdırılması, habelə işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi ilə bağlı
hüquqi maarifləndirmənin təmin edilməsidir.
Qeyd olunub ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə işi sosial
siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, onların sosial
müdafiəsinin gücləndirilməsi üçün zəruri normativ hüquqi aktlar qəbul edilib.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan
soydaşlarımızın müraciətlərinin müsbət həlli üçün tapşırıqlar verib.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi
köçkünlərin qayıdışı davam edir. Tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən
nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin
qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə
bunun qanuniliyi və zəruriliyi məsələləri eləcə də onları maraqlandıran digər
hüquqi məsələlərlə bağlı məlumat verilib.
Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək iştirakçıları VK sədri Anar Bağırovun, Kollegiyanın və vəkil həmkarların adından salamlayıb.
Sədr müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
ilə VK arasında bir neçə ildir ki, sıx səmərəli əməkdaşlığın mövcud olduğunu,
2022-ci ildə imzalanmış Memorandum çərçivəsində bir sıra pulsuz hüquqi yardım
aksiyaları və maarifləndirici tədbirlərin təşkil edildiyini, yüzlərlə şəxsin isə
bu imkanlardan faydalandığını deyib.
Çıxışında tədbirin əlamətdar məqamlarına toxunan Şahmar Məmmədov söyləyib
ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və
ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın bu il 30 illiyi qeyd
olunur. Bu xüsusilə önəmlidir, çünki bu gün Azərbaycan Respublikasının
Konstitusiyası, dövlət suverenliyi ölkənin hər bir ərazisində bərpa
edilib.
Sədr müavini diqqətə çatdırıb ki, Konstitusiyada nəzərdə tutulmuş yüksək
keyfiyyətli hüquq yardım almaq hüququ vəkillər tərəfindən həyata keçirilir.
Kollegiyanın üzvləri bu missiyanı böyük məsuliyyət və peşəkarlıqla həyata
keçirir.
Şahmar Məmmədov həmçinin bildirib ki, VK Rəyasət Heyətinin 09 dekabr
2020-ci il tarixli qərarına əsasən şəhid ailələri və qazilərə mütəmadi olaraq
pulsuz hüquqi yardım göstərilir. Bu təşəbbüslər vəkillər tərəfindən mənəvi borc
kimi qəbul olunaraq yüksək səviyyədə icra olunur.
Tədbir çərçivəsində insan hüquqları sahəsində həyata keçirilmiş tədbirlərin
təqdimatı olub.
“Pro Bono” Vəkil Bürosu və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri
tərəfindən 100-ə yaxın keçmiş köçkünə pulsuz hüquqi yardım göstərilib, vətəndaşların
sualları cavablandırılıb, praktiki məsləhətlər verilib.
Bu təşəbbüs, hüquqi cəhətdən maarifləndirilmiş cəmiyyətin
formalaşdırılması və keçmiş məcburi köçkünlərin sosial inteqrasiyasına dəstək
göstərilməsi baxımından, mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, hüquqi maarifləndirmə tədbirləri məcburi köçkünlərin digər müvəqqəti məskunlaşma yerlərində də davam etdiriləcək.