31 may 2025-ci il tarixində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının maliyyə və təşkilati dəstəyi, “Abdurahimli Group” və “BM Morrison Partners” MMC şirkətlərinin sponsorluğu ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində XIV Milli Məhkəmə Müsabiqəsinin Final mərhələsi və bağlanış mərasimi keçirilib.
Finalda hakim qismində Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əhməd
Əhmədov, Vüsalə Baxışova və Aqil Abbasov iştirak ediblər.
Tədbir ELSA Azərbaycanın 2024/2025-ci illər üzrə prezidenti Nazim Çələbiyevin
açılış nitqi ilə başlayıb. O, iştirakçıları salamlayaraq final mərhələsinin Ali
Məhkəmədə keçirilməsinə imkan yaratdığına görə məhkəmə rəhbərliyinə dərin təşəkkürünü
bildirib. Eyni zamanda müsabiqənin təşkilində göstərdiyi maddi və təşkilati dəstəyə
görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, eləcə də sponsor kimi
çıxış edən “Abdurrahimli Group” və “BM Morrison Partners” şirkətlərinə minnətdarlığını
ifadə edib.
Daha sonra ELSA Azərbaycanın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə
2024/2025-ci illər üzrə vitse-prezidenti Ənvər Hüseynov çıxış edərək
iştirakçıları və qonaqları salamlayıb. O, müsabiqəyə göstərilən marağa və
iştiraka görə təşəkkürünü bildirib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
Aparat rəhbəri Orxan Babayev də çıxış edərək hüquq tələbələrinin bu cür
simulyasiya xarakterli məhkəmə proseslərində iştirakının onların gələcək peşə fəaliyyətləri
üçün mühüm təcrübə qazandırdığını vurğulayıb. O, Vəkillər Kollegiyasının bu
kimi təşəbbüsləri hər zaman dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini qeyd
edərək final mərhələsində iştirak edən komandaların hər birinə uğurlar
arzulayıb.
Ardınca “Abdurrahimli Group Law Studio”nun təsisçisi və direktoru Yusif
Abdurrahimli çıxış edərək ELSA Azərbaycana dəvət üçün təşəkkür edib, tələbələrə
uğurlar arzulayıb və hüquq təhsilində nəzəri biliklərlə yanaşı praktik biliklərin
də əhəmiyyətini önə çəkib. O, rəhbərlik etdiyi şirkətin gənclərin inkişafına
yönəlmiş bu kimi təşəbbüsləri hər zaman dəstəklədiyini vurğulayıb.
Tərəfdaş şirkətlərdən olan “BM Morrison Partners” şirkətinin inzibati işlər
üzrə direktoru Fidan Əsədzadə də tədbirdə çıxış edərək ELSA ilə əməkdaşlıqdan məmnunluğunu
ifadə edib. O, layihənin bir hissəsi olduqları üçün qürur duyduqlarını bildirərək,
şirkətin fəaliyyəti barədə məlumat verib və final mərhələsində ikinci yeri
tutacaq komandanın “BM Morrison Partners”də təcrübə proqramına qatılmaq imkanı
qazanacağını elan edib.
Daha sonra isə səhnələşdirilmiş məhkəmə prosesinə keçid edilib. Final mərhələsində
Bakı Dövlət Universitetinin III kurs tələbələrindən ibarət “Lex Fortis” və
“Oxu, Tar” komandaları qarşılaşıblar. Gərgin və yüksək səviyyəli debatların
fonunda keçirilən finalın nəticəsində “Lex Fortis” komandası – Fidan Quliyeva və
Xumar Sadıqzadə – birinci yerə layiq görülüblər.
İkinci yerə isə “Oxu, Tar” komandası – Toğrul Yadigarov və Həcər Məlikova
– layiq görülüblər. Eyni zamanda Həcər Məlikova müsabiqənin “Ən Yaxşı Natiq”i
adına layiq görülüb.
Komanda çıxışlarının hüquqi əsaslandırma, arqumentasiya və məhkəmə nitqi
bacarıqları baxımından qiymətləndirildiyi müsabiqədə “Lex Fortis” komandası “Ən
Yaxşı İddiaçı”, “Oxu, Tar” komandası isə “Ən Yaxşı Cavabdeh” nominasiyalarının
qalibi olub.
Tədbirin sonunda Ənvər Hüseynov ELSA Azərbaycanın fəaliyyətinə daim dəstək
göstərən ELSA Azərbaycanın Məzunlar Cəmiyyətinə təşəkkürünü bildirərək,
2015/2016-cı illər üzrə Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezident
olmuş, hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda Beynəlxalq hüquqi
əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlını səhnəyə dəvət edib. Murad
Bayramlı çıxışında tədbirdə iştirakdan məmnunluğunu dilə gətirərək, illər öncə
bu müsabiqədə yaşadığı təcrübələri bölüşüb və Ali Məhkəmədə bu cür təşəbbüslərin
reallaşmasına göstərilən dəstəyi yüksək qiymətləndirib.
Hər iki komandaya pul mükafatı (I yer - 500 AZN, II yer - 250 AZN), sertifikatlar və kuboklar təqdim edilib, I yerə layiq görülən komandanın üzvləri Londona təhsil səfəri üçün viza dəstəyi və ödənişsiz TOLES kursu, II yerə layiq görülən komandanın üzvləri isə “BM Morrison Partners” MMC şirkətində təcrübə keçmək imkanını qazanıblar.