Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması və vəkillik institutunun inkişaf etdirilməsi ilə bağlı tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) tərəfindən üzvlüyə qəbul prosesi ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu çərçivədə tam şəffaflıq və obyektivlik prinsipləri əsasında ixtisas imtahanlarının təşkili təmin olunub.
İyunun 11-də isə yazılı və şifahi mərhələlərdə uğur qazanmış 88 vəkilliyə
namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimə start verilib.
Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə
Akademiyasının prorektoru Elçin Xələfov vəkilliyə namizədlərə uğurlar
arzulayıb, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin
vacibliyini vurğulayıb.
O, VK ilə Ədliyyə Akademiyası arasında imzalanmış əməkdaşlıq
memorandumunun əhəmiyyətindən danışaraq, bu çərçivədə həyata keçirilən pulsuz
hüquqi yardım təşəbbüsünün cəmiyyət üçün xüsusi dəyər daşıdığını bildirib.
Prorektor qeyd edib ki, Kollegiya son illərdə müstəqil və nüfuzlu təsisat kimi
sürətlə inkişaf edib, vəkil sayı isə üç dəfədən çox artıb.
Elçin Xələfov vurğulayıb ki, Kollegiyanın ədalət mühakiməsində iştirak edən
digər qurumlarla qurduğu səmərəli əməkdaşlıq möhkəm hüquqi təmələ söykənir və
bu əməkdaşlıq hüquq sisteminin inkişafında mühüm rol oynayır. Təlim proqramının
məzmun baxımından zəngin və fərqli olduğunu qeyd edən prorektor bir ay ərzində əsas
diqqətin praktik bacarıqların inkişafına yönələcəyini, eyni zamanda bura təlimçi
vəkil və hüquqşünasların cəlb olunacağını bildirib.
VK Rəyasət Heyətinin sədri Anar Bağırov təlimin açılışında çıxış edərək vəkilliyə
namizədləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sədr bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, həm də peşə
hazırlığının gücləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin
mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Nəzərə
çatdırılıb ki, təlim proqramı müasir hüquqi çağırışlara cavab verir və gələcək
vəkillərin ədalətə çıxış imkanlarını genişləndirməkdə mühüm rol oynayacaq.
Anar Bağırov deyib ki, vəkilliyə qəbul üzrə test imtahanları VK və Dövlət
İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin,
dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə
tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin sədr əlavə edib ki,
ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması üçün
videoyazı sistemi tətbiq olunur və bütün namizədlərə eyni məzmunlu suallar təqdim
edilir.
İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair
mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu diqqətə çatdıran
sədr icbari təlimdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından 85,
Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından isə 3 vəkilliyə namizədlərin
iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, vəkilliyə namizədlərdən 29 nəfər
qadın, 56 nəfər isə kişidir, o cümlədən onlardan 79 faizi 40 yaşadəkdir. Namizədlərin
61 faizi Bakı, 39 faizi isə regionlardandır. Bu göstəricilər regionlarda hüquqi
yardımın əlçatanlığının artmasına şərait yaradır. Həmin şəxslərin bəziləri
onlayn qaydada iştirak edir.
Həmçinin Anar Bağırov son illərdə Kollegiyada mühüm islahatların həyata
keçirildiyini, vəkil sayının artırıldığını, institutun cavanlaşdırıldığını və tədris
proqramlarının daha məqsədyönlü və effektiv hala gətirildiyini xüsusi vurğulayıb.
Ədliyyə Akademiyası ilə birgə hazırlanan bu proqramlar vəkil namizədlərinin
hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini söyləyən sədr təlimlərin
yüksək səviyyədə təşkil edilməsinə görə Ədliyyə Nazirliyinin və Ədliyyə
Akademiyasının rəhbərliyinə təşəkkür edib.
Eyni zamanda VK-nın nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyünü və yerli
dövlət qurumları ilə səmərəli əməkdaşlığını qeyd edən sədr vəkillik
institutunun təşəbbüslərinin dövlət tərəfindən tam dəstəkləndiyini vurğulayıb.
Anar Bağırov çıxışının davamında vəkillərin peşə borcunu vicdanla yerinə
yetirməli olduqlarını, etik davranış kodeksinə riayət etməli və vətəndaşlara
yüksək keyfiyyətli hüquqi yardım göstərməli olduqlarını xüsusi ilə xatırladıb. Sədr
formal fəaliyyət və qeyri-prosessual davranışların institutun nüfuzuna zərər
vurduğunu və Kollegiyanın bu cür hallara qarşı barışmaz mövqe tutduğunu diqqətə
çatdırıb.
Tədbirdə vəkillik institutunun inkişafı istiqamətində görülən işlər və
qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı məlumat verən Anar Bağırov Azərbaycan
Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Vəkilliyin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini xüsusi qeyd edib. Sədr
bu Sərəncamın vəkilliyin inkişaf istiqamətlərini müəyyən etdiyini və ölkədə vəkil
sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olduğunu söyləyib.
Daha sonra Anar Bağırov “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzə ilə çıxış edib. Mühazirə zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb.