Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
2025-ci ilin “Konstitusiya və Suverenlik İli" elan edilməsi münasibətilə 14
iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) maliyyə
dəstəyi Bakıda yeni maarifləndirici mədəni layihə çərçivəsində çap olunan uşaqlar
üçün Konstitusiyaya və insan hüquqlarına həsr olunmuş kitabın təqdimat mərasimi
keçirilib.
Mərasimdə vəkillər, hüquqşünaslar, müəllimlər, media nümayəndələri və xarici
qonaqlar iştirak ediblər.
Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyidir. 1995-ci
il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkəmizin hüquqi əsasını təşkil
edir. Bu yubiley ili çərçivəsində hüquqi maariflənməyə, xüsusilə də uşaqlarda
hüquqi bilik və dəyərlərin formalaşdırılmasına xüsusi önəm verilir.
Təqdim olunan “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitabın çap
edilməsinin məqsədi uşaqları hüquq dünyasına sadə, canlı və maraqlı hekayələr
vasitəsilə cəlb etməkdir. Kitabda hər bir hekayə Azərbaycan Respublikası
Konstitusiyasının əsas maddələrindən birini əhatə edir və uşaqlar üçün
anlaşıqlı şəkildə izah edir. Hekayələrin qəhrəmanları uşaqlardır - onların dili
ilə azadlıq, bərabərlik, təhsil, müdafiə və şəxsiyyətə hörmət kimi fundamental
hüquqlar izah olunur.
Kitabın müəllifi “Legalaid” hüquq şirkətinin təsisçisi, VK-nın üzvü Sona
Səlimli-Ələsgərovadır. Müəllifin fikrincə hüquqi biliklər elə uşaqlıqdan
formalaşmalıdır. Bu kitab da məhz hüququn uşaqlara yaxınlaşdırılması məqsədilə
hazırlanıb.
Kitab Azərbaycan və rus dillərində nəşr edilib.
VK-nın sədri Anar Bağırov tədbirin açılışında çıxış edərək qonaqları
salamlayıb, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ərsəyə gətirilən
maarifləndirici hüquqi layihəni yüksək qiymətləndirib.
Sədr diqqətə çatdırıb ki, uşaqlara hüquqi dəyərlərin aşılanması, onların
hüquq və azadlıqlarını dərk etməyə təşviq olunması mühüm ictimai vəzifədir. Bu
cür layihələr hüquqi cəhətdən savadlı və ədalətli cəmiyyətin formalaşmasına
xidmət edir. Konstitusiyanın mahiyyətinin uşaqlara maraqlı və anlaşıqlı şəkildə
çatdırılması isə xüsusi təqdirəlayiq addımdır. Kollegiya bu kimi təşəbbüslərə
daim dəstək göstərib və göstərəcək.
Həmçinin Anar Bağırov vurğulayıb ki, “Uşaqlar üçün hüquq: Konstitusiyaya
səyahət” adlı kitabın nəşri və yayımı vəkillərin birgə maliyyə dəstəyi ilə
mümkün olub. Sədr eyni zamanda bu kitabın sığınacaqlarda, sosial reabilitasiya
müəssisələrində və digər həssas qruplar üçün nəzərdə tutulan mərkəzlərdə
istifadəsinin faydalı olacağını qeyd edib.
Son illərdə Kollegiyada görülən işlərdən danışan sədr vəkillərin sayının
artdığını, VK-nın gənc hüquqşünaslara daim dəstək göstərdiyini ifadə edərək,
onları vəkillik peşəsinə qoşulmağa çağırıb.
Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri
Dilarə Əfrasiyabova çıxışı zamanı müəllifə gələcək fəaliyyətində uğurlar
arzulayıb, kitabın ərsəyə gətirilməsində əməyin olan hər kəsə minnətdarlığını
bildirib.
Qeyd edək ki, “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitab hüquqi maarifləndirici nəşr olmaqla yanaşı, həm də uşaqlara hüququ sevdirmək, onların şəxsiyyətinə və hüquqlarına dəyər verən cəmiyyətin əsasını qoymaq üçün vacib bir addımdır.