2025-ci il iyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə öncə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı qısametrajlı sənədli
film nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikası Ali Məhkəməsinin və
Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şuranın 20 illik fəaliyyətinə nəzər
salaraq, qurumun təsis edilməsinin ədalət mühakiməsinin keyfiyyətli həyata
keçirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil məhkəmə
sisteminin formalaşması və inkişafı istiqamətində həyata keçirilən islahatlar
bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Yeni islahatlar çərçivəsində məhkəmə hakimiyyətinin
müstəqilliyi gücləndirilib, Məhkəmə-Hüquq Şurasının statusu və tərkibi beynəlxalq
standartlara uyğunlaşdırılıb. Həmçinin hakimlərin seçimi, təyinatı və vəzifədə
irəli çəkilməsi sahəsində şəffaflıq və çeviklik prinsipləri əsasında mühüm
yeniliklər həyata keçirilib. Məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının
artırılması və rəqəmsal transformasiyanın genişləndirilməsinin gələcək fəaliyyətin
əsas prioritetlərini təşkil etdiyi vurğulanıb.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
çıxış edərək bildirib ki, 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının
formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarə
olunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm
qoyub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və
Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq
Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə
mexanizmləri tətbiq olunub.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin
müdiri Gündüz Kərimov çıxışında qeyd edib ki, 20 il ərzində Məhkəmə-Hüquq
Şurası uğurlu və şərəfli yol keçib. Şura və onun əməkdaşlarının gərgin fəaliyyəti
nəticəsində Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu
formalaşdırılıb. Qeyd edilib ki, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması
qanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıx bağlıdır. Məhkəmə
icraatının effektivliyinin yüksəldilməsi isə vahid məhkəmə təcrübəsinin
formalaşdırılması, məhkəmə prosedurlarının səmərəli və effektiv keçirilməsi, qərarların
aydın və ağlabatanlığı ilə dəyərləndirilir. Bu gün sadalanan həmin tələblərə
cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsi yalnız Məhkəmə-Hüquq
Şurasının çiyinlərinə düşür.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda məhkəmə
sistemində çox işlər görülüb. Qeyd edilib ki, məhkəmələrdə qərarlar qanunun tam
ciddiyyəti ilə qəbul olunur. Bununla yanaşı, Azərbaycanda məhkəmə fəaliyyətinin
tam yüksək səviyyədə həyata keçirilməsi üçün normal şəraitin yaradılması da
olduqca vacib məsələdir. Məhkəmə sahəsində səmərəliliyin bundan sonra da
artırılacağı qeyd edilib.
Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri
Fikrət Məmmədov çıxışında bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyev ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edərək
bu baxımdan məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə
xüsusi önəm verirdi. Qeyd edilib ki, dahi öndərin dövlətçilik kursunu uğurla
davam və inkişaf etdirən onun layiqli siyasi varisi möhtərəm cənab İlham Əliyev
Respublika Prezidenti seçiləndən sonra verdiyi ilk tapşırıqlarından biri məhz məhkəmə
sisteminin daha da müasirləşdirilməsi ilə bağlı olub. Bununla əlaqədar müvafiq
konsepsiya hazırlanıb və məhkəmə sisteminin mütərəqqi beynəlxalq təcrübə nəzərə
alınaraq mükəmməl olması üçün nüfuzlu xarici ekspertlər işə cəlb olunub. Beləliklə,
qısa müddətdə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi tam müstəqil qurum
olan Məhkəmə-Hüquq Şurası təsis olunub, məhkəmə fəaliyyətini tənzimləyən
qanunvericiliyə əsaslı
dəyişikliklər edilib.
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze isə çıxışında Gürcüstan məhkəmə
sistemi adından təbriklərini çatdıraraq qeyd edib ki, Məhkəmə-Hüquq Şurasının
yaradılması Azərbaycanın hüquqi islahatlar tarixində mühüm mərhələ olub.
Vurğulanıb ki, məhkəmə şuraları müstəqil qurumlar kimi məhkəmə sisteminin idarə
olunmasında əsas rol oynayırlar. Onların vəzifəsi yalnız təyinatlar, yüksəlişlər
və intizam məsələlərini nəzarətdə saxlamaq deyil, eyni zamanda məhkəmələri
xarici təsirlərdən qorumaqdır.
Konfransda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə, həmçinin məhkəmə sahəsində
islahatlara verdiyi töhfəyə görə Şuranın sabiq sədri, Konstitusiya Məhkəməsinin
hakimi Fikrət Məmmədov “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20
illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif
edilib.
Daha sonra “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər”, “Hakim korpusunun komplektləşdirilməsi” və digər mövzularda panel müzakirələr təşkil edilib.