Şəmkir rayonunda Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib.
Tədbirdə nəzərə çatdırılıb ki, Azərbaycan müasir, demokratik, hüquqi dövlət
kimi, fundamental hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin olunmasını
özünün əsas prioriteti elan edib. Bu istiqamətdə möhtərəm Prezident cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə hüquq sisteminin
modernləşməsini və inkişafını təmin edib. Azərbaycan dövləti hər kəsin hüquq və
azadlıqlarının müdafiəsinə təminat verir. Bununla belə, seçici müraciətlərində
qaldırılan bir sıra məsələləri araşdıranda məlum olur ki, bu problemlər daha
çox vətəndaşın həmin məsələ ilə bağlı lazımi məlumata malik olmamasından irəli
gəlir. Xüsusilə, hüquqi məsələlərlə əlaqədar olan müraciətlərin bir çoxunda bu
tendensiya müşahidə olunur.
Mərasimdə çıxış edən VK sədri Anar Bağırov bu kimi aksiyaların keçirilməsinin
əhəmiyyətini qeyd edərək, tədbirin təşkilinə görə Milli Məclisin sədrinə minnətdarlığını
bildirib.
Sədr deyib ki, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli
"Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında" Sərəncamına əsasən görülən işlər ölkəmizdə vəkillik institutunun
inkişafına mühüm təkan verir. Bu Sərəncamdan irəli gələrək aztəminatlı ailələrə
ödənişsiz hüquqi yardım göstərilməsi məqsədilə bir sıra addımlar atıldığını
xatırladıb. Bu cür ödənişsiz hüquqi yardımın həyata keçirilməsində Kollegiya
üzvləri fəal iştirak edirlər. Bu aksiyada da Kollegiyanın üzvləri vətəndaşların
suallarını cavablandıraraq, onlara hüquqi yardım göstərəcəklər.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Süleyman Zeynallı da bu kimi aksiyaların əhəmiyyətini vurğulayıb, ölkəmizdə vətəndaşların
hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımların uğurlu nəticələrindən
bəhs edib.
Qeyd edək ki, aksiya zamanı ümumilikdə 50 nəfərdən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib. Müraciət edən şəxslərə şifahi məsləhət verilməklə yanaşı, bəzi sakinlər üçün isə müvafiq ərizələr yazılıb.