2025-ci il iyunun 25-də “Badamdar” mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib,
Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar
xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb,
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov Azərbaycan Respublikası
Silahlı Qüvvələri Günü münasibətilə hər kəsi təbrik edib, ölkəmizdə vəkillik
institutunun tarixi inkişafına qısa nəzər salıb, son illərdə həyata keçirilən
islahatlar, əldə olunan mühüm nailiyyətlər və Kollegiyanın fəaliyyət istiqamətləri
barədə ətraflı məlumat verib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən bir
sıra mühüm tədbirlərin həyata keçirildiyini söyləyən sədr vəkillik institutunun
möhkəmləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin
olunması və onların konstitusion hüquqlarının müdafiəsi məqsədi ilə aztəminatlı
şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi mütəmadi davam etdirilir.
Anar Bağırov çıxışında Ulu Öndər Heydər Əliyevin 28 dekabr 1999-cu il
tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tarixi əhəmiyyətinə
toxunaraq vurğulayıb ki, məhz həmin qanunla ölkəmizdə vəkillik ilk dəfə tam
müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir hüquqi institut kimi
formalaşıb. Həmin dövrdə qəbul olunmuş prosessual qanunvericilik isə vəkilliyin
çəkişmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu peşə birliyinə
çevrilməsinə şərait yaradıb.
Eyni zamanda qeyd edilib ki, Prezident cənab İlham Əliyevin 22 fevral
2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” Sərəncamı vəkillik institutunun müasirləşməsi və möhkəmlənməsi
istiqamətində mühüm mərhələ olub, bu sahənin inkişafına sistemli və ardıcıl şəkildə
təkan verib.
Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin tövsiyələrinə uyğun
olaraq son illərdə ölkədə vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb, dövlət
başçısı vəkillik institutunun inkişafına hər zaman xüsusi diqqət göstərib və bu
sahənin möhkəmləndirilməsi istiqamətində ardıcıl dəstək verib. Ümummilli Lider
Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident cənab
İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti
Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir.
Məhkəmə-hüquq sistemində də Ulu Öndər tərəfindən əsası qoyulan islahatlar
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və hüquq sahəsində
şəffaflığın, ədalətə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm
addımlar atılır.
Sədr çıxışının davamında əlavə edib ki, 2018-ci ildən bu günədək vəkilliyə
qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində
imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim
mərhələsini başa vurub və and içərək Kollegiyanın üzvü olub.
Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək Kollegiyaya qəbul
olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb.
Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır. Onlardan 20 nəfəri
regionlarda, 72 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin
sayı 580 nəfərə çataraq ümumi üzvlərin 21 faizini təşkil edəcək. O cümlədən 1
hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib.
Sonra tədbirdə Kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən
videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin
hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan danışıb, onun
rəhbərliyi ilə əsası qoyulan müasir hüquq sisteminin bu gün ölkəmizin hüquqi
inkişafında mühüm rol oynadığını bildirib.
Deputat Milli Məclislə Kollegiya arasında formalaşmış səmərəli və məhsuldar
əməkdaşlığı yüksək qiymətləndirərək, vəkillik peşəsinin ictimai əhəmiyyətindən
söz açıb, and içərək fəaliyyətəbaşlayan yeni vəkillərin hüquq və ədalət
prinsiplərinə sadiq qalaraq ölkədə hüquqi dövlətin möhkəmləndirilməsi istiqamətində
əzmlə çalışacaqlarına əminliyini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri,
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc isə çıxış edərək
son dövrlərdə ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində aparılan
sistemli islahatlardan söz açıb. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi
ilə bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsində vəkilliyin
nüfuzunun artdığını, maddi-texniki bazasının gücləndirildiyini ifadə edib.
Deputat Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il
tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” Sərəncamının bu sahənin institusional əsaslarını möhkəmləndirdiyini və
peşəkar hüquqi yardımınəlçatanlığının əhəmiyyətli dərəcədə artırdığını söyləyib.
Həmçinin komitə rəhbəri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul
edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun hüquqi dövlət
quruculuğu prosesində mühüm mərhələ olduğunu qeyd edərək, bu ənənənin bu gün də
uğurla davam etdirildiyini söyləyib.
Mərasimdə Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri,
respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək vəkilliyə namizədləri
səmimi-qəlbdən təbrik edib, onların peşə fəaliyyətində uğur qazanacağına əminliyini
ifadə edib.
O, vəkillik peşəsinin yüksək etik dəyərlər və məsuliyyət əsasında
formalaşdığını vurğulayıb, gənc vəkillərə insan hüquq və azadlıqlarının
qorunmasında prinsipial mövqe sərgiləməyi, hüquqi biliklərini davamlı olaraq
artırmağı, həmçinin vəkillik nüfuzunun yüksəldilməsi üçün səylə çalışmaq tövsiyəsini
verib.
Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş,
icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək
Kollegiya üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər
Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin
şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər.
Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim edilib.
Mərasimdə dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində
layihə qalibi olan Səbuhi Göyüşov ““Konstitusiya və Suverenlik İli” çərçivəsində
kadr dəyişikliyi və karyerada yüksəliş” mövzusunda çıxış edib. O, ölkədə
aparılan hüquqi islahatların və institusional inkişafın dövlət idarəçiliyində
peşəkar və hazırlıqlı kadrların rolunun daha da artırdığını vurğulayıb. Səbuhi
Göyüşov “Yüksəliş” müsabiqəsinin gənc və istedadlı kadrların üzə
çıxarılmasında, onların fərdi inkişafına dəstək göstərilməsində mühüm platforma
olduğunu qeyd edib.
Tədbirin ikinci hissəsində isə fəaliyyəti dövründə fərqlənmiş və yubiley
yaşına çatmış Kollegiyanın bir qrup üzvü təltif olunub.
Eyni zamanda mərasim çərçivəsində VK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.