"Konstitusiya və Suverenlik İli" çərçivəsində Vəkillər
Kollegiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı
ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq, sosial işçiləri və vəkillərin
iştirakı ilə 25 iyun 2025-ci il tarixində “Açıq qapı” günü keçirilib.
Bakı şəhəri Xəzər rayonunun Qala, Ağdam rayonunun Təzəkənd, Goranboy
rayonunun Börü, Hacıqabul rayonunun İkinci Udullu, Qəbələ rayonunun Abrıx,
Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Çölbeşdəli, Zaqatala rayonunun
Mamrux, Zərdab rayonunun Gödəkqobu, Göygöl rayonunun Üçtəpə, İsmayıllı
rayonunun Hacıhətəmli kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “Açıq
qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya,
hüquqi məsələlər, aliment, boşanma, əlilliyin müəyyən edilməsi, müalicə, sosial
müavinətlər, işlə təmin olunma, istirahət, yaşayış şəraitinin
yaxşılaşdırılması, uşaqla ünsiyyət, təhsildən yayınma və uşaqların inkişaf ləngiməsinin
aradan qaldırılması kimi müraciətlər yer alıb.
“Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli
istiqamətində müvafiq dəstək göstərilib.
Qeyd edək ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Qəndab Fərəcova (Bakı)
fərdi qaydada fəaliyyət göstərən vəkillər - Fizuli Eyvazov (Hacıqabul), Səxavət
Məmmədli (Sabirabad), Asif Mahmudov (Zərdab), Telman Süleymanov (Ağdam), habelə
Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Zaqatala və Goranboy rayon Vəkil bürolarının vəkilləri
iştirak ediblər.
Bundan başqa, "Konstitusiya və Suverenlik İli", eləcə də Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Günü münasibətləri ilə iyunun 26-da Vəkillər
Kollegiyası tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət
göstərən vəkil qurumlarında “Açıq qapı" günü təşkil edilib.
Belə ki, “Pro Bono” Vəkil Bürosunda, Bakı şəhəri 6 saylı Vəkil Bürosunda,
Gəncə Regional Vəkil Bürosunda və Şirvan Regional Vəkil Bürosunda aztəminatlı şəxslərə
pulsuz hüquqi yardım göstərilib.
Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri,
sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin
ediliblər.
Həmçinin vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, həmçinin onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.