Gəncə şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində pulsuz hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu tədbir Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşəbbüsünə əsasən
reallaşıb.
“Yurdumuza Qayıdırıq” devizi altında keçirilən görüşdə əsas diqqət keçmiş
məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına və onların işğaldan azad
edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılmasına
yönəlib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir
müavini Mirhüseyn Hüseynov məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində
dövlətin həyata keçirdiyi tədbirlərdən və bu cür maarifləndirici görüşlərin əhəmiyyətindən
danışıb. O bildirib ki, hüquqi biliklərin artırılması gələcəkdə köçkünlərin
yenidənqurma və reinteqrasiya prosesinə fəal qoşulması üçün vacib amildir.
Görüş zamanı iştirakçılarla fərdi hüquqi konsultasiyalar aparılıb.
Əmlak hüquqları, sosial müdafiə, güzəştlər və kompensasiya mexanizmləri
kimi məsələlər üzrə 100-ə yaxın vətəndaşın sualları cavablandırılıb.
Tədbirdə iştirak edən vəkil Leyla Əhmədova bu təşəbbüsə cəlb olunan vəkillərin
tam şəkildə könüllü əsaslarla fəaliyyət göstərdiyini və hüquqi yardımın şəhid
ailələri, qazilər və digər həssas təbəqələr üçün də davamlı olaraq təşkil
olunduğunu qeyd edib.
Qeyd edək ki, bu təşəbbüs çərçivəsində oxşar tədbirlərin digər şəhər və rayonlarda da təşkili nəzərdə tutulur.