Niderlandın paytaxtı Amsterdam şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti beynəlxalq konfransı və EYBA-nın İllik Ümumi Yığıncağı keçirilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) üzvü,
Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, VK-nın EYBA-dakı səlahiyyətli
nümayəndəsi Yunis Nəsibov sözügedən konfransa və Yığıncağa qatılıb, o cümlədən
tədbirdə Asiya, ABŞ və Avropanın bir çox ölkələrinin vəkil və
hüquqşünasları iştirak ediblər.
Konfransın gündəliyinə uyğun olaraq əsas mövzu müasir hüquq problemləri
olmaqla, iqlim dəyişikliyi və insan hüquqları ilə bağlı mövcud problemlər,
hüququn aliliyi prinsipi, incəsənət hüququ və onun gələcək perspektivləri
mövzusunda müzakirələr aparılıb və müxtəlif çıxışlar edilib.
Tədbir EYBA-nın prezidenti Shannon Gawleyin açılış nitqi ilə başlayıb, Assosiasiyanın
təşəbbüsü ilə görülən işlər, davam edən layihələr, gələcək planlar barədə məlumat
verilib və gənc vəkillərin iş prosesində üzləşdiyi bir sıra problemlər səsləndirilib.
Daha sonra Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının
(CCBE) prezidenti Thierry Wickers, Niderland Vəkillər Kollegiyasının prezidenti
Jeroen Soeteman, Avropa Şurası Parlament Assambleyasının sabiq üzvü Sophie in’t
Veld, Amsterdam Vəkillər Kollegiyasının sədri Barbara Rumora-Scheltema,
Stanford Universitetinin Kibersiyasət Mərkəzinin üzvü Marietje Schaake, eləcə də
digər vəkil və təmsilçilər tərəfindən maarifləndirici nitqlər səsləndirilib.
Tədbirin ikinci günü EYBA-nın İllik Ümumi Yığıncağı baş tutub. Yığıncaqda
hazırda davam edən layihələr, gələcək planlar və qurumun idarəçiliyi ilə bağlı
digər məsələlər müzakirə edilib.
Eyni zamanda EYBA-nın yeni prezidenti və İcraiyyə Komitəsinə yeni üzvlərin
təyin olunması ilə bağlı seçkilər baş tutub və təşkilatın növbəti - 2026-cı ildə
konfransların keçiriləcəyi şəhərlər müəyyən edilib. Səsvermə nəticəsində
EYBA-nın yeni prezidenti Chiara Palombi seçilib.
Həmçinin səsverməyə görə, Yunis Nəsibov EYBA-nın İcraiyyə Komitəsinə üzv
seçilib.
Bundan başqa, tədbirdə 2026-cı ildə EYBA-nın payız konfransının Bakı şəhərində
keçirilməsi barədə qərar qəbul edilib.
Konfrans çərçivəsində vəkillər arasında sosial əlaqələrin qurulması,
xüsusilə Amsterdam gənc vəkilləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində
müzakirələr aparılıb və sosial fəaliyyətlər həyata keçirilib.
Sonda iştirakçılara rəsmi ziyafət təşkil olunub.